Ekspert: PİN koda dair məlumatları kartla bir yerdə saxlamayın

Bəzi istifadəçilər hələ də müasir texnologiyaların qaydalarını tam bilmirlər

“Onlayn alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır”



  Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb. DİN-dən verilən məlumata görə, videoçarxda qeyd olunub ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.
“Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir”, DİN-dən bildirilib.
 
 Kibertəhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Zeyvəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, ödəniş kartından istifadə zamanı bir sıra  məqamlara xüsusi diqqət yetirmək lazımdır:  
“Onlayn alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır. Bəzən ucuz qiymətlərlə insanların diqqətini çəkirlər, amma belə nüanslara mütləq diqqət etmək lazımdır. Saytda şəxsi hesab, şəxsi kabinet açmazdan öncə şərtləri oxumaq lazımdır. Siz ora şəxsi məlumatlarınızı daxil edirsiniz, mütləq bilməlisiniz o məlumatlarla bağlı qarşı tərəf hansı formada yanaşma təklif edir”. 

  Ekspertin fikrincə, kiberdələduzluqla mübarizə üçün insanların informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə ehtiyac var. Bank kartlarından istifadə edən bəzi istifadəçilər hələ də müasir texnologiyaların qaydalarını tam bilmirlər:
 “Hamı bilməlidir ki, PİN kod heç bir halda kartın üzərində qeyd olunmamalıdır. Eyni zamanda PİN koda dair məlumatları kartla bir yerdə saxlamaq tövsiyə olunmur. Əks təqdirdə, pul kisəniz itirildikdə və ya oğurlandıqda kartınız üzrə bütün məlumatlar səlahiyyətli olmayan şəxslərin əlinə keçəcəkdir.
  Kartla aparılan bütün əməliyyatlardan anında xəbərdar olmaq üçün mobil bankçılıq xidmətlərindən istifadə etmək məqsədəuyğundur. Hər hansı şübhəli hal baş verdikdə, internet və ya mobil bankçılıq xidmətlərindən istifadə etməklə və ya bankın Qaynar xəttinə zəng etməklə kartı dərhal bloklaşdırmaq və məsələnin araşdırılması üçün müvafiq banka müraciət etmək lazımdır.
  İnternet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi üçün 3D Secure xidmətinə qoşulmaq və əməliyyatları SMS vasitəsilə əldə olunan birdəfəlik şifrə ilə başa çatdırmaq tövsiyə olunur”.

  Ekspertin sözlərinə görə, dələduzluq yolu ilə pul vəsaitlərinin mənimsənilməsi ödəniş kartına dair məxfi məlumatların və kart istifadəçisi tərəfindən SMS bildiriş formasında əldə olunan birdəfəlik şifrənin ələ keçirilməsi ilə baş verir. Bundan əlavə, son vaxtlar fırıldaqçıların bank adından kart istifadəçiləri ilə əlaqə saxlaması və ödəniş kartına aid müəyyən məlumatların açıqlanmasına dair tələblər irəli sürməsi ilə bağlı hallara daha çox rast gəlinir.