Tibb xidmətlərində geridə qalan sistem: "Rəqəmsallaşdıra bilməyiblər"

Ən elementar tibb xidmətlərini rəqəmsallaşdıra bilməyiblər

İndi ən adi bir xidməti, həkim qəbuluna yazılmağı efirdən bəh-bəhlə təqdim etməyin özü, çox şeydən xəbər verir

Xəstələrin hansısa arayışları, xəstəlik vərəqələrini elektron formada əldə etmək imkanı olmalıdır

  “Son dövrlərdə xəstəxanalara müraciət sayları da artıb və sıxlıq müşahidə olunur. Bu halları aradan qaldırmaq üçün pilot layihə kimi “randevu” sistemi tətbiq ediləcək. Sistem özünü doğruldarsa, ölkə üzrə tətbiqi düşünülür. Bu da sıxlığın aradan qaldırılmasına töhfə verəcək”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.
  Qeyd edək ki, dünyanın əksər ölkələrində vətəndaşlar həkim qəbuluna randevu sistemi ilə müraciət edir. Mütəxəssislər də hesab edir ki, bir həkim gün ərzində 10-15 insan qəbul edir. Axı həkim onları dindirməlidir, onun analizlərinə baxmalıdır, yoxlamalıdır. Bəzən bunun üçün bir pasiyentin bir saat vaxtı gedir. Amma elə əvvəldən randevu sistemi bizdə qoyulmadı, hesab etdilər ki, hər kəs şəxsiyyət vəsiqəsini götürüb həkimə gedə bilər. Belə böyük axının qarşısını almaq üçün randevu sistemi mütləq olmalıdır.
  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, son 10 ildə ölkədə bir çox sahələr xeyli rəqəmsallaşıb. Bəzi dövlət xidmətləri sahəsində çox ciddi uğurlar var. Lakin bunu tibb xidmətləri üçün demək olmaz. Ən elementar tibb xidmətlərini, ən elementar tibb proseslərini indiyədək rəqəmsallaşdıra bilməyiblər:

“Hətta deyərdim ki, rəqəmsallaşma səviyyəsi ən aşağı olan sahə, ən bərbad rəqəmsal sektor səhiyyə sistemidir.
  Hələ indi ən adi bir xidməti, həkim qəbuluna yazılmağı efirdən bəh-bəhlə təqdim etməyin özü, düşünürəm ki, çox şeydən xəbər verir. Əlbəttə, hiss olunur ki, son dövrlərdə nəsə etmək istəyirlər. Bildiyim qədər Səhiyyə Nazirliyində ölkənin səhiyyə sisteminin rəqəmsal transformasiyası adlı bir konsepsiya da qəbul ediblər.
e-Təbib mobil tətbiqi də yaradıblar. Özəl sektorda daha effektiv həllər müşahidə olunur. Lakin bütövlükdə səhiyyə sistemində rəqəmsallaşma prosesi hədsiz ləng gedir. Hələ də ölkə üzrə vahid bir tibbi platforma, bütün maraqlı tərəfləri özündə birləşdirən, xəstələr haqqında datanı özündə cəmləşdirən bir Rəqəmsal Milli Səhiyyə Platforması yarada bilməyiblər.
  Baxsaq görərik ki, e-Səhiyyədə onlarla elektron xidmətlər qeyd edilib, lakin bunların real tətbiqi, istifadəsi yarıtmaz gündədir.
Özəl və dövlət tibb müəssisələrinin, klinikaların informasiya sistemləri, dataları inteqrasiya olunmayıb. Rəqəmsallaşmanın məqsədi odur ki, tibb xidmətləri əlçatan olsun, xəstə zamanında keyfiyyətli tibb xidməti ala bilsin. MyGov-da xəstə özünün tibb məlumatlarına çıxış imkanı əldə etsin. Həkimin də istənilən xəstənin vəziyyəti haqqında bütün datalara anında çıxış imkanı olsun. Xəstələrin hansısa arayışları, xəstəlik vərəqələrini elektron formada əldə etmək imkanı olmalıdır. Düşünürəm ki, bu sektorda rəqəmsallaşmaya dövlət və ictimai nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var. Rəqəmsal səhiyyə xidmətləri ilə bağlı hər hansı ictimai dinləmə və müzakirələrin indiyədək şahidi olmamışam. Ayrılan ictimai resurslardan effektiv istifadə olunması məsələsi gündəmə gətirilməlidir. Aidiyyəti qurumlar isə səhiyyənin rəqəmsal transformasiyasına diqqəti artırmalıdır".