Yenilik axtarışında olan gənclər: Könüllülük hərəkatı

Hər iş həvəsdən başlar

Ölkəmizdə təcrübəli könüllü bazası formalaşıb

Bu gün onlar Azərbaycanda baş verən bütün proseslərdə aparıcı qüvvələrdən biri kimi özünü təsdiq edir

  Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib.
  Tədbirdə çıxış edən natiqlər nəcib fəaliyyət olan könüllülüyün tarixindən, gənclərə faydasından danışıb, Ulu Öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrin Azərbaycan gənclərinin və könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olublar.
  Forumun yekununda Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçıları Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
  Müraciətdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinə göstərdiyiniz xüsusi diqqət sayəsində Azərbaycan könüllüləri üçün geniş imkanlar yaradılmış, gənclərin milli-mənəvi dəyərlərə və eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq yetişməsi təmin edilib: “Rəhbərliyinizlə keçirilən, əsas hədəfi dövlətimizin güclənməsi və Azərbaycan xalqının inkişafı və sosial rifahının yaxşılaşdırılması olan islahatlar, biz gənclərə göstərilən diqqət və qayğı Azərbaycan gənclərini və xüsusilə Azərbaycan könüllülərini olduqca qürurlandırır.
 Biz ölkədə fəaliyyət göstərən bütün aparıcı könüllü təşkilatlarının fəalları olaraq könüllülüyün daha geniş vüsət alması, bizi birləşdirən dəyərlərin daha çox insana çatması üçün əlimizdən gələni əsirgəmirik. Bununla yanaşı, azad olunmuş ərazilərimizə Böyük Qayıdışa töhfə vermək məqsədilə keçmiş məcburi köçkün gənclərdən ibarət Qayıdış Könüllüləri proqramını təsis etmiş və artıq Ağdam, Şuşa və Zəngilanda fəaliyyətimizi təmin etmişik. Biz - Azərbaycan könüllüləri, bundan sonra da dövlətimizin və xalqımızın qarşısında duran taleyüklü məsələlərin həllində Sizin, Müzəffər Ali Baş Komandanın yanındayıq. Sizinlə növbəti qələbələrə doğru addımlamağa hazırıq!".
  “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, gənc fəal Fərid Şahbazlı “Sherg.az"a açıqlamasında deyib ki, könüllü gənclər dövlət gənclər siyasətinin çox mühüm bir istiqamətini təşkil edirlər. Onun sözlərinə görə, bu gün Azərbaycan könüllüləri ölkədə baş verən bütün proseslərdə fəal iştirak edərək aparıcı qüvvələrdən biri kimi özünü təsdiq edir:

“Daim yenilik axtarışında olan gənclərimiz dövlətin onlara olan inam və dəstəyi sayəsində yeni uğurlara imza atır. Bu gənclərin yeni baxışları, ideya və düşüncələri cəmiyyətimiz üçün çox vacibdir.
  Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Ölkəmizdə könüllülük fəaliyyəti özünün inkişaf mərhələsinə yüksəlib. Eyni zamanda bu fəaliyyət gənclərin həyatında yeni fürsətlər yaradıb. Xüsusilə, son illərdə Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü gənc cəlb olunub. Məhz ölkəmizdə belə tədbirlərin keçirilməsi nəticəsində beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, təcrübəli könüllü bazası formalaşıb.
  Azərbaycan könüllü gəncləri artıq ölkə həyatının bütün sahələrində, ölkədə baş verən bütün mühüm proseslərdə fəal iştirak edirlər. Könüllülər üçün ən həlledici sınaqlardan biri də 27 sentyabr 2020-ci ildə Vətən müharibəsində oldu. Məhz "Könüllülər İli" kimi qeyd edilən həmin ildə, ölkə gəncləri könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Erməni faşizmi üzərində qələbə çalaraq 30 illik torpaq, yurd həsrətimizə son qoydular. Yüzlərlə könüllü gənc Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərə qatıldılar. Könüllülərimiz cəbhədə gedən döyüşlərlə bərabər, eyni zamanda arxa cəbhədə də yüksək fəallıq, qəhrəmanlıq göstərdilər. İşğal olunan torpaqlarımızda erməni vandallarının 30 il ərzində törətdikləri vəhşilikləri, talan olunan kəndlərlə, şəhərlərlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Azərbaycan könüllü gəncləri həm də Azərbaycan tarixinə yeni, möhtəşəm bir səhifə yazdılar”.
  F.Şahbazlının sözlərinə görə, könüllülərin işğaldan azad olunan torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərinə cəlb olunması da kifayət qədər əhəmiyyətli məsələdir: “Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə, Forumlarda, siyasi tədbirlərdə könüllülər əvəzedilməz xidmət nümayiş etdirir. Şübhəsiz ki, Böyük Qayıdış prosesində könüllülərin rolu təqdirolunandır. Onların Böyük Qayıdış prosesinə ilk töhfələri Xankəndi-Laçın yolunda keçirilən və 138 gün davam edən ekoloji aksiyada göstərdilər. Bu aksiyanın iştirakçısı olan könüllü gənclər günlərlə orda dayanıb, Ermənistanın Azərbaycana qarşı ekoloji terroruna, təbii sərvətlərimizin talan edilməsinə etiraz etdilər. Bununla yanaşı, azad olunmuş ərazilərimizə Böyük Qayıdışa töhfə vermək məqsədilə keçmiş məcburi köçkün gənclərdən ibarət Qayıdış Könüllüləri proqramını təsis edib və artıq Ağdam, Şuşa və Zəngilanda fəaliyyətimizi təmin ediblər. İşğaldan azad olunan şəhərlərdə keçirilən beynəlxalq tədbirlərin təşkilatçılığında da gənc könüllülərin misilsiz xidmətləri olur. Bundan sonra da keçiriləcək tədbirlərdə böyük həvəs və maraqla iştirak edəcəklərinə əminəm. Onlar bu tədbirlərin yüksək səviyyədə təşkil olunmasında ciddi səy göstərəcəklər”.