Qızılca nadir və ölümcül nevroloji xəstəlikdir: Qorunmaq üçün... - AÇIQLAMA

Qorunmanın ən uyğun və məqsədəuyğun yolu uşaqlarımızın vaxtında peyvənd olunmasıdır

  Azərbaycanda qızılca ilə bağlı narahatlıq davam edir. İnfeksiyaya yoluxan uşaqların sayının artması valideynlər arasında ciddi təşviş yaratsa da, TƏBİB rəsmisi ölkədə qızılca ilə bağlı vəziyyətin stabil olduğunu deyib. Səhiyyə Nazirliyi isə bunu peyvənddən yayınmalarla əlaqələndirir.
  Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitənin peyvənd olduğunu vurğulayan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəllibova deyib ki, qızılca - kəskin infeksion virus mənşəli xəstəlikdir: “Qızılca temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnəməsi və ləkəli-papulyoz səpkilərlə səciyyələnir. Bu xəstəliyə yalnız insanlarda rast gəlinir. Qızılca istənilən yaşda müşahidə edilir. Lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər. 3 aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir.
  Xəstə insandan yoluxma səpkilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpkinin yaranmasından 5 gün sonra baş verə bilər. İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər”. Epidemioloqun sözlərinə görə, qızılcanın klinik mənzərəsində 3- kataral və ya başlanğıc (prodromal), səpkilər və piqmentasiya dövrü ayırd edilir: “Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39°C-yə qədər artması, yuxarı tənəffüs yollarının və konyunktivanın zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən xəstələiyin başlanğıcında inağ (krup) sindromu inkişaf edir. İşıqdanqorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur. Səpki dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəli-papulyoz səpki ilə səciyyələnir. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpki tezliklə üzdə, boyunda yayılır, ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı hissəsində əmələ gəlir. Sonrakı günlərdə yuxarı və aşağı ətraflarda qeyd olunur. Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər”.
  İnfeksionist Lalə Nurməmmədova isə “Sherg.az"a açıqlamasında deyib ki, qızılca viruslar tərəfindən törədilən, hava-damcı yolu vasitəsilə keçən xəstəlikdir. Xəstəlik, səpkilər əmələ gəlmədən öncəki üç gün və əmələ gəldikdən 4-6 gün sonrasına qədər keçiricidir: “Xəstəlik yüksək hərarət, öskürək, burun axıntısı və konyuktivit kimi simptomlar ilə başlayar, 2-3 gün sonra qulaq arxasından başlayaraq aşağıya doğru bütün gövdə və ayaqlara qədər olan makulopapular səpkilər ilə özünü büruzə verər. Sadalanan səpkilər təxminən 7 gün sonra solmağa başlayar. Bizi narahat edən əsas məsələ xəstəliyin fəsadlaşmasıdır. Hansı ki, elmi araşdırmalar göstərir ki, bu xəstəliyə yoluxan xəstələrin 30 faizində kəskin otit, bakterial pnevmoniya ( ən sıx ölüm səbəbidir), laringit, traxeit, bronxiolit kimi yuxarı və aşağı tənəffüs yollarını kəskin tıxayan, həyatı təhdid edən vəziyyətlərə yol aça bilən xəstəliklər, ensefalit, SSPE kimi fəsadlaşmalar ola bilər.
  Bu xəstəlik qızılca keçirildikdən illər sonra belə meydana gələ bilən nadir və ölümcül nevroloji xəstəlikdir. Xəstəlikdən qorunmanın ən uyğun və məqsədəuyğun yolu uşaqlarımızın vaxtında peyvənd olunmasıdır. Əsas məqsədimiz peyvəndlə xəstəliklərin qarşısını almaq, övladlarımızı xəstəlik fəsadlarından qorumaqdır”.