Kabusa çevrilən boşanmalar...

Belə gedərsə, natamam ailələrin sayı çoxalacaq

Valideyndən məhrum olmuş uşaqların sosial müəssisələrə yerləşdirilməsi prosesi artacaq

  “Azərbaycanda boşanmaların sayında həddindən artıq artım dinamikası özünü göstərir. Xüsusən də nikaha girənlərin sayının azalıb, boşanan ailələrin sayının artması ailə münasibətlərinə mənfi təsir edir”. Bunu “Sherg.az"a açıqlamasında sosioloq Rəşad Əsgərov deyib. Sosioloqun fikrincə, boşanmaların sayını azaltmaq, boşanmaq üçün məhkəmələrə müraciət edən cütlüklər arasında ailə dəyərləri ilə bağlı söhbət aparılmalıdır: “Müvafiq qurumların bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri boşanmaların artım dinamikasını azalda bilmir. Deməli, dövlətin xüsusi orqanları, xüsusilə də Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, məhkəmə sistemi boşanmalarla bağlı məsələlərdə daha alternativ yolların seçilməsinə yol verməlidir. Biz boşanma statistikasını yox, boşanmaya qədər ailələrdə yaşanan problemləri təhlil etməli, boşanmaya səbəb olan motivləri aradan qaldırmalıyıq. Xüsusən də gənclər arasında ailə-nikah münasibətlərinə dair maarifləndirici işlər aparılmalıdır. Ailədəki sosial münasibətlərin tənzimlənməsi istiqamətində tövsiyələr verilməli, böyüklərin öyüdləri, yaxud xarici ölkələrin təcrübəsi sayəsində bu dinamikada dönüş yaratmaq olar. Eyni zamanda məhkəmələrdə boşanma prosesinin çətinləşdirilməsi, uzadılması da bəlkə insanların müəyyən qədər vaxt itirmək baxımından fikirlərini dəyişməsi və yaxud da ki, bu boşanma aktından imtina etməyə gətirib çıxara bilər”.
  R.Əsgərovun fikrincə, ailə institutu ilə bağlı ciddi islahatlar aparılmalıdır. Ailələrin həm maddi, həm sosial-mənəvi, həm hüquqi cəhətdən maarifləndirilməsi, ailədaxili problemlərin araşdırılmasında və yaxud da ailədaxili problemlərin aradan qaldırılmasında cəmiyyətdə olan müxtəlif institutlar, icmalar, təşkilatlar və dövlətin müvafiq olaraq icra strukturundakı müvafiq bu sahəyə baxan qurumlar müəyyən qədər yeni yanaşmalar təqdim etməlidirlər ki, bu boşanmaların faizi azalsın: “Əgər bu templə, bu ardıcıllıqla proses baş verərsə, onda cəmiyyətimizdə natamam ailələrin sayı çoxalacaq, valideynsiz və yaxud da ki, valideyndən məhrum olmuş uşaqların sosial müəssisələrə yerləşdirilməsi prosesi artacaq. Bu isə cəmiyyətin ümumi görünüşünə, cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərəcək. Eyni zamanda təsadüfi nikahlar, bir neçə gün əvvəl tanış olub tez-tələsik evlənmək istəyən gənclərlə söhbət aparılmalı, onların bir-birini nə dərəcədə tanıması, bir- birinə nə dərəcə uyğun olması diqqətdən keçirilməlidir”. Sosioloqun sözlərinə görə, iqtisadi-sosial problemlərlə yanaşı, bəzən tərəflərin inadkarlığı, xırda bir məsələni böyük bir problem halına gətirməsi, valideynlərin müdaxiləsi ailələrin dağılmasında əsas amildir: “Gənclərin nikaha qədər hazırlıqlarının zəif olması, ailə institutları haqqında biliklərin olmaması və ailədə tərəflərin bir-birinə güzəştə getməmələri sonda ağır nəticələrə gətirib çıxarır. Evlənən cütlüklər subaylıq dövründəki kimi azadlıq, sərbəstlik istəyirlər. Kişilərin evə gec gəlməsi, asudə vaxtlarını dostları ilə keçirməsi, qadınların ərlərinə xəbər vermədən istədikləri yerə gedib gəlməsi, istədiyi kimi geyinməsi narazılıq yaradır. Hər iki tərəf də öz dediyinin üstündə durduğu üçün yaşanan xırda bir anlaşılmazlıq məhkəmə zalında boşanma ilə nəticələnir. Çox az bir faiz olsa da, sonsuzluq da boşanmlara səbəb olur. Sadəcə, dövlət orqanları yox, vətəndaş cəmiyyətləri, ictimai birliklər ailə davamlılığının artırılması istiqamətində maarifləndirici tədbirlərin əhatəsini genişləndirməlidir”.