Yeni virus, yeni pandemiya? 

Yeni virusla bağlı təşvişə düşmək lazım deyil

Peyvənd edilmiş təbəqənin, xüsusən də, yanaşı xəstəlikləri olmayan insanların qorxması üçün heç bir əsas yoxdur
  2019-cu ilin son həftələrində Çində ortaya çıxdıqdan sonra bütün dünyaya yayılan və milyonlarla insanın ölümünə səbəb olan COVID -19 pandemiyası insanları indi də “JN.1” variantı ilə təşvişə salıb.
Yeni variantla bağlı dünyanı xəbərdar edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda “kəşf edilən” və əslində, COVID-19-un “yeni” virus variantı olan JN.1-in sürətlə yayıldığını açıqlayıb.
  İndiyədək Fransa, ABŞ, Çin, Sinqapur, Kanada, İngiltərə və İsveçdə yoluxmaların sayının sürətlə artdığı, “JN.1” variantının bu ölkələrlə yanaşı 41 ölkədə aşkarlandığı qeyd edilib. Digər tərəfdən, ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri rəsmi olaraq elan etdi ki, ABŞ-də mövcud halların 44 faizindən çoxu JN.1 variantıdır.
  ÜST-nin məlumatında bildirilib ki, ABŞ-də COVID-19-un JN.1 variantına yoluxma son iki həftədə iki dəfə artıb, ölkədə virus infeksiyasına yoluxanların 44 faizində məhz bu ştam aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4 faizlik artım var. Əsas səbəb kimi də amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir.
Qeyd edilib ki, hazırkı COVID-19 peyvəndləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarından ciddi xəstəlik və ölümdən qorumağa davam edir.
  Açıqlamada infeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırış edilib və ehtiyat tədbirləri arasında insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska taxmaq, mümkün qədər təhlükəsiz məsafə saxlamaq, əlləri mütəmadi olaraq yumaq, yeniliklərdən xəbərdar olmaq daxildir. Ağır xəstəlik riski yüksək olanlar üçün COVID-19 və qripə qarşı peyvəndlər. Xəstəliyin simptomları olanlar üçün testlər də daxil edilib. JN.1 əvvəllər BA.2.86 alt törəmə variantlardan biri kimi öyrənilib.
  İnfeksionist Mərdan Əliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, “JN.1” ilə bağlı təşvişə düşmək lazım deyil: 

“Ortaya çıxan hər yeni variant insanlarda xof yaratsa da, peyvənd edilmiş təbəqənin, xüsusən də, yanaşı xəstəlikləri olmayan insanların qorxması üçün heç bir əsas yoxdur. “JN.1” Omikronun alt variantıdır. COVID-ə səbəb olan virus zamanla dəyişir və bu, müxtəlif variantların yaranmasına səbəb olur. Bir müddətdir dünyada dominant variant olaraq qalan Omikron artıq mutasiyaya uğrayaraq öz yerini “JN1”-ə verib. Yəni virusun genetik kodu dəyişməz qalır, yalnız genlərdə 1-2 dəyişiklik baş verir. JN.1-də də Omikron variantında dəyişikliyə uğramış genlərdir. Bu, çox da önəmli deyil. Əvvəllər də dediyimiz kimi, əsas virusun hər hansı törəməsi, variantı onun özündən heç vaxt güclü olmur. Xəstəlik əlamətlərində, xəstəliyin gedişatında bəzi fərqliliklər baş verir. Ona görə də yeni variant barədə “çox təhlükəlidir” ifadəsinin işlədilməsi düzgün olmaz. Pandemiya dövrü başa çatdığı üçün artıq COVID-19-dan qorxmaq lazım deyil. Lakin bu virus daimi olaraq bizimlə qalacaq və qrip virusu kimi mövsümi olaraq davam edəcək”.
COVID-19-un yeni variantı ilə bağlı ən böyük problemin yayılma sürəti olduğunu vurğulayan həkim artıq COVID-19-un bir çox variantının bizə məlum olduğunu xatırladıb: “İlk yoluxmadan sonra virusun hansı ştamm olur-olsun, 2-3-4-cü yoluxma yüngül keçir. Yalnız risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalı və koronavirusdan maksimum qorunmalıdır. Yaşı 70-dən yuxarı olan yaşlı insanlar, xroniki xəstələr, yanaşı qaraciyər serrozu, diabet, revmatoid artrit, ağciyər xəstələri mütləq peyvənd olunmalıdır.
  Yeni variantla bağlı da fərqli müalicə üsulu yoxdur. Əhalinin böyük əksəriyyəti virusa yoluxduğu və yaxud da peyvəndləndiyi üçün antilellər qoruyur. Amma təbii ki, həm digər viruslar, həm də yeni variantlar səbəbindən hər an qarşılaşa biləcəyimiz risklərə görə ehtiyatlı olmaqda fayda var. Xüsusilə özünü narahat və ya xəstə hiss edən insanlar maskadan istifadə etməli, eyni zamanda profilaktik gigiyena qaydalarına əməl etməlidir. Əllərin tez-tez yuyulması çox vacibdir. Vacib tədbirlərdən biri də vaksinasiyadır. Vaksinlərin üzərindən müəyyən müddət keçdikdə orqanizmin virusa dözümlülüyü azalır. Həm də vaksinlər yenidən düzəlməli və tərkibinə JN.1 variantı da daxil edilməlidir. Əvvəlki vaksinlər bədəndə immunitet yaradıb yeni ştamma qarşı qoruyucu funksiya rolunu oynasa da, birbaşa təsir etmir. Ona görə də mütləq peyvəndlər də modifikasiya olunmalıdır”.
  Yeni variantın COVID-19-un digər ştamlarından heç bir fərqli əlaməti olmadığını vurğulayan infeksionist deyib ki, "JN.1"-də də tənəffüs yolları xəstəliklərinin simptomları, yüngül qızdırma, burun tutulması və boğaz ağrısı kimi əlamətlər müşahidə olunduğu açıqlanıb. ÜST-nin açıqlamalarına görə, bu günə qədər yoluxan şəxslərdə vaxtilə müşahidə edilən ciddi təngnəfəslik və çox ciddi tənəffüs çatışmazlığı hallarına rast gəlinməyib.
M.Əliyev bildirib ki, hələ ki, koronavirusun yeni ştamı Azərbaycanda aşkarlanmayıb. Amma ölkəmizə sirayət edəcəyi ehtimalı nəzərdən qaçmamalıdır.