Yaşıl dünya naminə...

Qarabağda ekosistem bərpa olunur

“Ağıllı şəhər” və “Ağıllı kənd”lər də yaşıl dünyanın komponentlərindən biridir

  Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 25 dekabrda sərəncam imzalayıb. Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
  Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım da edib.
  İqtisadçı-ekspert Əyyub Kərimli “Sherg.az"a açıqlamasında deyib ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi çox gözəl və alqışlanası bir təşəbbüsdür:

“Bilirsiniz ki, gələn il Azərbaycan COP29-a ev sahibliyi edəcək. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də məhz həmin tədbir çərçivəsində atılan ilk addımdır. Hesab edirəm ki, bu il ölkəmizdə trendə çevrilən yaşıl enerji sahələri növbəti il daha çox investisiya qoyulan sahələrdən olacaq.
  Yaşıl enerjiyə diqqətin artırılması və bu sahənin inkişaf etməsi dövlət büdcəsinin neftdən asılılığını azaldacaq və iqtisadiyyatın gələcək prioritetlərin istiqamətləndirəcək.
Eyni zamanda ölkəmizə yeni innovativ texnologiyaların axını sürətlənəcək ki, bu da ekoloji təmiz istehsal məhsullarının ölkəmizdə istifadəsni stimullaşdıracaq”.
  Ekspertin sözlərinə görə, işğaldan azad olunan bölgələrimizdə salınan “Ağıllı şəhər” və “Ağıllı kənd”ləri də yaşıl dünyanın komponentlərindən biridir. Burada həm ekoloji tarazlıq, həm yaşıllığın çoxalması nəzərdə tutulur: “Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
  Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir".
  İqtisadçı Eldəniz Əmirov da 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini çox yüksək dəyərləndirib.
Ekspert bildirib ki, yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl enerji kimi
anlayışlar heç də özündə yaşıl rəngi hərfi mənada ifadə etmir. “Yaşıl” ifadəsinin geniş anlamda açıqlaması “Ekologiyaya zərər vurmayan” mənasını daşıyır. Bu kontekstdə yaşıl iqtisadiyyat, yaşıl enerji, alternativ enerji anlayışları günümüzün trendinə çevrilib: “Böyük ehtimal ki, qarşıdakı ildə ekologiyaya və alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılmasına cavabdeh qurumlar üçün ciddi əmək tutumlu il olacaqdır. Mətbuatda isə daha çox “yaşıl enerji” və “alternativ enerji” başlıqlı yazılar və xəbərlər üstünlük təşkil edəcəkdir.
  Buna görə də burada iki məqama diqqət çəkmək istərdim. Bunlardan biri yaşıl enerjinin növləri, ikincisi, potensialın qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, yaşıl enerji əsasən Günəş, Külək, Hidroenerji, Geotermal, Bioenerji, Dalğa və Hidrogen enerjisi olmaqla əsasən 7 kateqoriyaya bölünür. Onların potensialı isə 4 kateqoriya üzrə qiymətləndirilir. Resurs potensialı, Texniki potensial, İqtisadi potensial, Bazar potensialı. Bu 4 potensialın hər biri özündən əvvəlki ilə müqayisədə daha aşağıdır. Buna görə də bu potensiallar haqqında danışanda onları qarışdırmaq olmaz. Yaxşı olardı ki, potensial dedikdə hansı potensialdan bəhs olunduğu vurğulansın”.