Yumurtanın bahalaşmasının adı inhisarçılıqdır -Şərh

Bu şəraiti yaradan şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdır

Yumurta kimi məhsullar əhalinin əsas istehlak səbətini təşkil edir. Hökumət nəzarəti artırarsa, problem həllini tapacaq

  Yumurtanın qiymətində artımın səbəbi bilinmir. Müxtəlif səbəblər gətirilir. Gah Azərbaycandan Rusiyaya külli miqdarda süfrə yumurtası ixrac olunduğunu səbəb kimi göstərərək ölkədə yumurta çatışmazlığı yarandığı, qiymətlərin də buna görə yüksəldiyi, gah da yerli istehsalın azaldığı bildirilir. Lakin məsələ burasındadır ki, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu səbəblərin hər birini inkar edir. Assosiasiya bununla bağlı bəyanat da yayıb: "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bəyan edirik ki, nəinki son günlərdə, hətta son aylarda birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib. Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət, hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur. Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir. Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar. Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi, quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdansatış qiymətlərində hər hansı dəyişiklik etməyib". Qurum satış şəbəkələrinə də xəbərdarlıq edib ki, süni qiymət artımına getməklə ajiotaj yaratmasınlar. Yumurta istehsalında əhalinin tələbatını ödəyəcək həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil.

  İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bunun bir adı var inhisarçılıq: 

- İstehsalçı konkret bildirir ki, istehsal qiymətində artım yoxdur, yerli istehsal tələbatı qarşılayacaq səviyyədədir. Mən də rast gəlməmişəm yumurtanın qiymətində artıma, amma şayiələr yayılıb. Bu şayiələr Rusiya Prezidenti Vladimir Putinin jurnalistlərlə keçirdiyi brifinqdən sonra yayıldı. Bilirsiz ki, brifinqdə V.Putin bəzi kənd təsərrüfatı məhsulları ilə bağlı tələbatın ödənməsində çətinlik olduğunu söylədi. Rusiya Azərbaycanın strateji tərəfdaşıdır, kənd təsərrüfatı məhsullarının əsas alıcısıdır. Bilirsiz, bazar münasibətlərində tələbat artarsa, qiymət sıçrayışının baş verməsi mümkündür. Amma hazırda yumurta istehsalı ilə bağlı çətinlik yaşanmır, ixrac mövcudluğu da yoxdursa, qiymət istehsalçı tərəfindən qaldırılmayıbsa, qiymət artımının səbəbkarlarını topdansatış mərkəzlərində axtarmaq lazımdır.  Topdansatış mərkəzləri öz aralarında danışıqlara gedir, razılığa gəlirlər ki, filan məhsulu satış mərkəzlərinə, marketlərə fərqli - baha qiymətə satsınlar. Marketlər də məcburdur, əvvəlkindən fərqli qiymətə aldıqları məhsulu artıq fərqli qiymətə satışa çıxarsınlar. Bunun inhisarçılıqdan başqa adı yoxdur.  Hesab edirəm ki, bu şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki yumurta da çörək, şəkər tozu, qənd, un məmulatları kimi, hətta mən bu sıraya kərə yağını, ət məhsullarını da əlavə edirəm, bunlar əhalinin əsas istehlak səbətini təşkil edir. Hökumət nəzarəti artırarsa, problem həllini tapacaq.