Dünyanın iki üzü: Fotolar acı həqiqəti göstərir

  2023-cü ilin sonlarına doğru dünyada baş vermiş ən mühüm hadisələr fotoqrafların kamerasından daha aydın görünür. 
Sherg.az xəbər verir ki, Dünyanın müxtəlif bölgələrində həyat səhnələrini fotoobyektivə alan fotoqraflar, əslində bununla dünyamızın necə ikiüzlü olduğunu nümayiş etdirirlər. 

Yer kürəsinin bir tərəfində bayram edənlər, digər tərəfində raket hücumları altında qalanlar, bir tərəfdə sevinib gülənlər, digər tərəfdə körpəsinin ölümünə hayqıran ata-analar. Dünyanın üzünü bizə bu fotolar göstərir; Nyu-Yorkun məşhur “Times” meydanında böyük coşquyla yeni il hazırlıqları, Qəzzada isə dağıntılar və insan faciələri davam edir. Raket hücumları nəticəsində yaralanan fələstinli körpələr “Deir Al-Balah” şəhərindəki Əqsa Şəhidləri xəstəxanasına gətirilib.

 Futbol üzrə 2022-ci ilin dünya çempionu olan Argentina millisinin kapitanı Leonel Messi dünya kubokunu başı üzərinə qaldırır, fələstinli ata isə həlak olmuş körpəsinin nəşini. Belə kəskin ziddiyyətli, xoşbəxtliklə bədbəxtliyin, faciələrin eyni anda baş verdiyi hadisələr çox olub, nəinki 2023-cü ildə, ümumiyyətlə hər zaman. 

Hardasa marafon yarışları keçirilib, hardasa insanlar fəlakətlərdən qaçmaq üçün yola çıxıblar.

 Bir şəhərdə göydələnlərin sayı artır, başqa bir şəhərdə dağıdılan, yerlə-yeksan edilən binaların sayı.

 Bir şəhərdə sakinlər marketlərə axın edir, “qara cümə”də alış-veriş etmək üçün, dünyanın başqa bir yerində isə ac insanlar bir parça çörək üçün növbəyə dayanır. 

Bir şəhər bayram fişənglərinin rənglərinə bürünür, başqa bir şəhər isə raket hücumlarının işığından diksinir... Dünyamızın üzü, budur!