Hər yer təhlükə: Bu küləklə zarafat etmək olmaz - RƏY


Əlverişsiz hava şəraitində bütün iş müəssisələrində xüsusi rejimə keçilməlidir

  Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən Trend-ə bildirilib ki, belə hava şəraiti ikitəkərli, o cümlədən, moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi cətinliklər yaradır: "Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də, digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.
  Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəraitini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir".
Qeyd edək ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova küləyin maksimal sürətinin bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatdığını bildirib. G.Məmmədova deyib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin yanında, hündür ağacların altında dayanmaq məsləhət görülmür. Külək zamanı əhalinin ehtiyatlı olması tövsiyə olunur.
  Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər.
TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Qeyd edilib ki, Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub.
  Mütəxəssislər isə hesab edir ki, küləkli havalarda səhhətimizə diqqət etdiyimiz kimi təhlükəsizlik qaydalarına da riayət etməliyik.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az"a açıqlamasında deyib ki, əlverişsiz hava şəraitində bütün iş müəssisələrində xüsusi rejimə keçilməlidir, xüsusən də açıq havada gedən işlərdə, tikinti sahəsində: “Aşma təhlükəsi olan əşyalar, avadanlıqlar və qurğuların təhlükəsizliyi təmin olunmalıdır. Həmçinin tullantılar, kimyəvi maddələr təhlükəsiz yerlərə qoyulmalıdır. Açıq havada inşaat işləri müvəqqəti dayandırılmalı, işçilər qapalı ərazilərə keçirilməlidir. Bəzən xəbərlərdə eşidirik ki, yuxarıdan hansısa əşya və ya inşaat materialları düşür, yoldan keçən adam xəsarət alır. Bunun baş verməməsi üçün hündürdə yerləşən avadanlıqları möhkəmlətmək, tikinti gedən ərazilərdə qoruyucu sipər və torlardan istifadə edilməlidir. Təhlükəli vəziyyətlə üzləşən vətəndaşlar aidiyyəti orqanlara məlumat verməlidirlər”.

  E.Nurəliyev hesab edir ki, sadəcə Bakıda deyil, respublikanın digər rayonlarında yaşayan əhali də küləkli havalarda ehtiyatlı olmalıdır: “Ümumiyyətlə, hər regionun yerləşdiyi ərazinin spesifikasına uyğun olaraq, ətrafdakı bütün infrastrukturun istər yolları olsun, istər yol kənarındakı obyektləri, müvəqqəti tikililər, işıqlı dirəklər, istərsə də reklam dirəklər, yüngül konstruksiyalar olsun – bunların hər birinin möhkəm və dayanıqlığını, yəni təhlükə risklərini minimuma endirməklə hər hansısa bir dağılma, aşma, uçma təhlükəsi varsa, öncədən nəzərə alınmaqla müvafiq qabaqlayıcı tədbirlər görülməlidir. Yüngül konstruksiyaları, işıq dirəkləri və digər dağılma təhlükəsi olan qurğular hansı qrup tərəfindən istismar olunursa, hansı qrumun balansındadırsa, əlbəttə, həmin qurum tərəfindən mütəmadi olaraq baxış keçirilməsi, yararsız vəziyyətdədirsə, əsaslı və ya dövri təmir işlərinin görülməsi üçün mütləq tədbirlər görülməlidir ki, uçma, dağılma təhlükəsi olmasın. Nəzərə almaq lazımdır ki, bu cür qurğular aşarsa və ya uçma, dağılma təhlükəsi olarsa, insanların üzərinə düşə bilər, onların xəsarət almasına səbəb ola bilər, hətta daha ağır nəticələrə gətirib çıxara bilər”.