Mehriban Zeynalova 12 yaşlı qızın atasının həbsindən danışdı

“Atanın həbsi üçün kifayət qədər əsas var”

“Kim qanunları pozursa, qanunla da cəzalanmalıdır. 12 yaşlı qızın atası da qanunu pozub. Qanun əleyhinə addım atıb”. Bu sözləri “Sherg.az”a açıqlamasında “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi. Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın nişan mərasiminin keçirilməsi xəbəri yayılıb, mərasimdən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra əlaqədar qurumlar hərəkətə keçib. Qızın ailəsi ilə görüşən rəsmilər valideynlərə qanun pozuntusuna yol verdiklərini anladıblar. Yetkinlik yaşına çatmamış qızın nişanlanması cəmiyyətdə də kəskin reaksiya doğurub. Qızın valideynləri hadisəyə hər nə qədər başqa don geyindirməyə çalışsalar da onların məqsədi və hadisənin sonrakı gedişatı açıq-aşkar göründüyündən hüquq-mühafizə orqanları hərəkətə keçib. Qızın atası 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsliyyətinə cəlb edilib. Onun barəsində CM-nin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcburetmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbsqətimkan tədbiri seçilib. Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir. 
M.Zeynalova qeyd etdi ki, bütövlükdə cəmiyyət 12 yaşlı qızın nişanlanması hadisəsini pisləsə də, məhz nişan mərasimi ilə bağlı Cinayət Məcəlləsində konkret maddə olmadığından atanın həbsinin qanun pozuntusu olduğunu hesab edənlər də var: 

"Cinayət Məcəlləsində yetkinlik yaşına çatmamış şəxsin evləndirilməsi, onunla cinsi əlaqəyə daxil olmaq, buna məcbur etmək cinayət sayılır və konkret cinayət məsuliyyəti nəzərdə tutur. Bəli, nişan mərasimi ilə bağlı konkret maddə yoxdur. Amma burada məsələ 12 yaşlı qızın – yetkinlik yaşına çatmamış bir qıza nişan mərasimi – evliliyə doğru bir addım həyata keçirməyin özü qanun pozuntusudur. Bu hadisədə qızın atası valideynlik nüfuzundan, himayəsində olan şəxsin asılılıq vəziyyətindən sui-istifadə edib, yetkinlik yaşına çatmamış şəxsin yerinə qərar qəbul edib, onun təhsildən uzaqlaşdırılmasına dəstək verib, ona qarşı ayrı-seçkilik tətbiq edib, sağlamlığına, gələcəyinə zərər vura biləcək addım atıb. Bunlar hamısı qanun pozuntusudur. Hələ nişan mərasimidir. Amma açıq-aşkardır ki nişandan sonra evlilik mərasimi olacaq. Qanun pozuntuları ortadadır. Sadalanan qanun pozuntuları atanın həbsini qaçılmaz edir. Qarşı tərəfin 5 il gözləyəcəyi, indi 32 yaşı olan oğlanın 5 il də gözləyəcəyi və 37 yaşında evlənəcəyinə kimi inandıra bilərlər? Burada məsələnin daha çox mənəvi tərəfləri var. Amma 12 yaşlı uşağın ərə verilə bilməsi cəmiyyətdə bu ənənənin formalaşması kimi mənfi prisident yarada bilər. Hüquq-mühafizə orqanlarının ata barəsində həbs qərarı doğrudur. Bu, qanun pozucularının cəzasız qalmayacağı deməkdir və alqışlanmalıdır".
Sosial şəbəkələrdə qızın anasını, həmçinin elçiyə gələn və nişan mərasiminin təşkil olunmasında birbaşa iştirak edən qarşı tərəfin, 12 yaşlı qızla nişanlanan adamın da həbsinin tələb olunmasına gəlincə, M.Zeynalova hüquq-mühafizə orqanlarının bununla bağlı lazımi addımlar atacağını bildirdi.