Restoran və kafelərə yeni tələb: Faydası nədir? - ŞƏRH

Qiymətlər və menyu görünən yerdə asılmalıdır

Restoran və kafelərə yeni tələb qoyulub. Menyu və menyuya aid qiymətlər aydın oxunan şəkildə qeyd edilərək görünən bir yerdə qoyulmalıdır. Bu, obyektin önü, giriş qapısı, vitrin şüşələri də ola bilər. Həmçinin menyu və qiymətlərin qeyd edildiyi vərəqələri masaların üzərində hazır vəziyyətdə saxlamalıdır. Belə bir tələblə Türkiyə Ticarət Bakanlığı çıxış edib və bu tələb 2024-cü ilin ilk günündən etibarən qüvvəyə minib. Sahibkarlar yeni qaydaya əməl etməyə başlayıb. İstanbulda bir çox restoran və kafelərin vitrin şüşələrinə təklif edilən menyu və menyuya aid qiymətlər yapışdırılıb. Bakıda da bu cür hallara rast gəlinir. Restoranlar da olmasa da, kafelərin önündə menyular və qiymətlər yazılmış tablo ya obyektin girişi qarşısında qoyulur, bəzən də vitrin şüşələrə yapışdırılır. Amma bu hal daha çox dönərxanalarda gözə çarpır. Türkiyədə tətbiq edilən qayda bizdə də olmalıdırmı və bunun faydası nədir? 
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ictimai iaşə sektorunda bu qayda var, sahibkarlar ona əməl etməlidir: 
"Biz də bəzən kafe və restoanların önündə menyu yazılan tablolar görürük. Bəzən qiymətlər də orada qeyd edilir. Amma bu, kütləvi hal deyil. Bir çox kafelər məsələn, “xaş verilir”, “xəngəl – yarpaq, gürcü”, təklifi qeyd edir. Şüşələrə vurulur bu elanlar. Amma qeyd edilmir ki bunun qiyməti neçəyədir. Gərək müştəri kafeyə daxil olsun, soruşsun ki filan yeməyin qiyməti neçədir, bunu biləndən sonra sifariş versin. Bəzən də müştəri kafeyə daxil olur, nahar sifariş verir, amma qimətdən xəbərsiz olur. Axırda gətirib qarşısına tarifi qoyurlar. Razı qalan da olur, narazı qalan da. Düzgünü budur ki müştəri sifariş edəcəyi yeməyin qiymətini əvvəldən bilməlidir. Menyunun və qiymətlərin əvvəlcədən bildirilməsi, müştərinin bu haqda əvvəldən xəbərdar olması seçim imkanı verir. Müştəri istəyinə və maddi imkanına görə kafe və ya restoranı seçir. Belədə fırıldaqçılığı da şərait yaranmır, həm də salam rəqabət formalaşır. Belə qaydalar turistlər üçün də münasibdir, onların bəyənəcəyi vəziyyətdir. Çünki turistlər bu cür hallara fikir verir. Yad ölkədə turist maddi imkanını hesablamaq məcburiyyətindədir. Hesab edirəm ki, bizdə də bütün kafe və restoranlara bu cür tələb qoyulmalıdır".