AYNA: "Bayram günlərində regionlara 2600-dən çox reys həyata keçirilib"

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalardan bayram ərəfəsində və bayram günlərində 2 681 reys həyata keçirilib, 72 min 615 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Dekabrın 28-dən yanvarın 7-nə bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb, 300-dən artıq əlavə reys təşkil olunub", - məlumatda deyilir.

AYNA-dab bildirilib ki, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub: "Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Dekabrın 28-dən yanvarın 7-nə kimi 14 min 391 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb".