Bayramda kababa tələbat artdı - Ona görə də...

  Quzu ətinin bahalaşması xəbərləri dolaşır. Deyilənə görə, Bakı və bölgələrdə quzu ətinin bir kiloqramı 20 manata təklif olunur. Halbuki bir neçə gün öncə quzu ətinin qiyməti 16-17 manat arası idi. Ət kəsimi və satışı məntəqələrində isə hətta dana ətinin də qiymətinin qalxdığını bildirirlər. Marketlər şəbəkəsində isə daha ətinin qiyməti sümüksüz, sümüklü növlərə ayrılmaqla 13-14 və 16-17 manat arası dəyişir. Xatırladaq ki, sadəcə bir neçə gün əvvəl Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bununla da yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək. Belə bir qərarla ət və ət məhsullarının qiymətində artım olmayacağına ümid edildiyi halda, quzu ətinin qiymətinin birdən-birə 3-4 manat bahalaşmasına səbəb nədir?
  İqtisadçı Xalid Kərimli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, hazırda bazarda tələb təklifi üstələyir:

- Bilirsiz ki, bayram günlərində quzu ətinə tələbat artdı. Qış tətilində insanlarımız daha çox quzu ətinin istehlakına maraq göstərdi. Kabab, məlumdur ki, quzu ətindən hazırlanır. Ona görə də tələb kəskin artdı, təklif azdır, istehsal tələbatı ödəmək gücündə deyil. Bazarın konyukturasına uyğun olaraq da quzu ətinin qiyməti bahalaşıb. Burada başqa səbəb axtarmağa dəyməz. Tələb təklifi üstələyir, qiymətlər də arta-arta gedir.