Paytaxtda velosiped zolaqlarına baryerlər QURAŞDIRILACAQ

Paytaxtın mərkəzi hissələrindəki küçə və prospektlərə çəkilmiş velisoped zolaqlarının kənarlarına təhlükəsizlik sədləri quraşdırılacağı ilə bağlı məlumatlar yayılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə bildiriblər ki, bu təhlükəsizlik sədləri velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi üçün qurum tərəfindən quraşdırılacaq.
Qeyd edək ki, ötən ilin dekabr ayından Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb.
Bildirilib ki, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti,
Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.
"Artıq müvafiq nişanlanma işlərinə başlanılmışdır. Növbəti mərhələdə yol nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq.
AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə velosiped yollarına daxil olmamağa çağırış edir", - qurumdan məlumat verilib.