Ekspert: Alternativ giriş-çıxış yolları tıxacların qarşısını almayacaq

Dərd bir deyil, daha çoxdur


Bu məsələyə ideya verən tərəf - kimlərə ki Baş Planı tərtib etmək tapşırılıb, onlar aydınlıq gətirməlidir


  “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyatın sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb. Qeyd edilib ki, “Lökbatan-Xocasən” həlqəvi yolu ilə “Sabunçu yol qovşağı”nı birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini birləşdirən yeni həlqəvi şəhər avtomobil yolunun, o cümlədən Bülbülə gölünün şərqindən keçməklə Sabunçu dairəsi ilə “Zığ şosesini” birləşdirəcək yeni həlqəvi şəhər avtomobil yolunun yaradılması planlaşdırılır. Baş Planla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 kilometrədək artırılması, habelə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 2300 kilometrdən 2668 kilometrə çatdırılması planlaşdırılır.

  Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki,  Bakı ilə Sumqayıt arasında iqtisadi bağlılıq var: 
“Sumqayıt sakinlərinin bir qismi  Bakıda işləyir, təhsil alır, Bakı sakinlərinin də bir qismi Sumqayıta işləməyə, təhsil almağa (Sumqayıt Dövlət Universiteti) gedir. Bu iki şəhər arasında daimi gediş-gəliş uzun illərdir ki, mövcuddur. Əhali sayı artdıqca da yollarda sıxlıq da artır və Bakı-Sumqayıt magistral yolunda insanlar sıxlıqdan əziyyət çəkirlər. Ona görə də alternativ yollara ehtiyac var. Həm yeni avtomobil yollarına, həm də qatarlara. Həmçinin Bakı ilə Sumqayıtı birləşdirəcək metro xətlərinin çəkilməsinə də. Bu layihənin həyata keçirilməsi sıxlığın azalmasına, əhalinin rahat gediş-gəlişinin təmin olunmasına kömək edər. Düşünürəm ki, qarşıya qoyulan məqsədə mərhələ-mərhələ nail olmaq mümkündür. 
  Alternativ giriş-çıxış yolları mərkəzdəki tıxacların qarşısını alacaqmı? Hər nə qədər alternativ giriş-çıxış yolları, həlqəvi, dairəvi yollar yaradılsa da, sonucda bu yollar yenə də mərkəzi küçələrə birləşəcəksə, tıxaclar qaçılmaz olacaq. Xırdalan, Masazır, Sulutəpə, Xocasən, Bakı, Sumqayıt sakinləri də iş günləri şəhərə işə və ya iş ardınca gəlir. Həlqəvi yol çəkildi, alternativ giriş-çıxış yolu da oldu, insanlar ildə-ayda bir-iki dəfə bu yolla hansısa bölgəyə səfər edəcək, 1-2 dəfə də “Sədərək”, “Binə” bazarına alış-verişə gedəcək. Əhalinin böyük qismi mərkəzə istiqamətlənən yollardan istifadə edir hər gün. Mərkəzdə tıxacların qarşısının alınması üçün hansı yeniliklər nəzərdə tutulur? 

E.Cəfərov qeyd etdi ki, Baş Plan haqqında açıqlanan məlumatlardan əlavə bilgilər verilməyib: 
-  Baş Planı biz görməmişik. Sadəcə, oxuyuruq məlumatları, məlumatlar nə dərəcədə açıqlanırsa, o dərəcədə bilirik. Deyirlər “belə olacaq, filan yollar çəkiləcək...” . Bu məsələyə ideya verən tərəf - kimlərə ki Baş Planı tərtib etmək tapşırılıb, onlar aydınlıq gətirməlidir. Açıqlasınlar, biz də bilək. Müzakirəyə çıxaraq. Görək ki Baş Plan tıxacların qarşısını alacaqmı?