Banklarda depozit gəlirlərinə vergi tətbiqi - AÇIQLAMA

İnflyasiya onsuz da gəlirləri yeyir

Bu günün 10 manatı sabah 1 manat dəyərinə enir

Vətəndaşın banklarda illərlə vəsait saxladığı, əmanət qoyduğu dövr bitib

  Fiziki şəxslər banklarda olan depozit gəlirlərini vergidən tam azad edə bilərlər. İqtisadçı Xalid Kərimli Xəzər TV-yə müsahibəsində bildirib ki, 2024-cü il yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır. Ekspert bildirib ki, vergi güzəştindən daha yaxşı faydalanmaq üçün vəsaitin bir deyil, 2 banka yerləşdirilməsi daha əlverişlidir.
  Banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə səbəb kimi son zamanlar vətəndaşların banklara etibarının azalması da göstərilir. Çünki bankların daimi, uzunmüddətli fəaliyyəti çox zaman sual altında qalır. Banklar müflisləşdikdə, fəaliyyətləri dayandırıldıqda əziyyət çəkən yenə də vətəndaş olur. Vətəndaş banka əmanət etdiyi pulu geri ala bilmir, ya da çox çətinliklə əldə edir. Sonuncu dəfə belə bir hal “Muğanbank”la bağlı yaşandı.
  İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında bildirdi ki, banklarda depozit gəlirlərinə vergi tətbiqi düzgün deyil:
"Bu qəbildən olan gəlirlər vergidən tamamilə azad olunmalıdır. Bu, bilirsiz, yumurtadan yun qırxmaqdı. Çalışmaq lazımdır ki, yastıqaltı maliyyə dövriyyəyə cəlb olunsun. Canlanma baş versin, o pullar aktivləşsin. İqtisadiyyata, bank sektoruna faydası toxunsun. Ümumiyyətlə, pullar dövriyyədə olmalıdır, qeydiyyatda olmalıdır. Çünki pul maliyyə sektrunda damarda axan qandır. Ona görə də vergi siyasətindən çıxarılmalıdır".
  İqtisadçı qeyd etdi ki, depozit gəlirlərinə müəyyən müddət təyin edilməsi günün reallıqları ilə uzlaşmır:
" İnflyasiyanın sürəti o qədər güclüdür ki, bu günün 10 manatı sabah 1 manat dəyərinə enir. Bütün dünyada belədir. Vətəndaşın banklarda illərlə vəsait saxladığı, əmanət qoyduğu dövr bitib. O zamanlar bitib artıq. İnflyasiya onsuz da gəlirləri yeyir. Belə mühitdə vətəndaşın pulunu girov saxlamaq faydadan çox ziyan gətirər. Siyasi maraq olmalıdır ki maliyyə hardasa yatıb qalmasın, əksinə, işlək olsun. Mən hər zaman bu qəbildən vergilərin əleyhinə olmuşam. Çünki xeyrindən çox mənəvi ziyanı var. Depozit gəlirlərinin vergidən azad edilməsi, ümumilikdə stimullaşdırıcı addımdır, əmanətlərin banklara yerləşdirilməsində. Amma buna konkret müddət təyin etmək yenə də vətəndaşı banka əımanət qoymaqdan çəkindirir. Vətəndaş haqlı olaraq düşünür ki əgər sabah zəruri bir iş üçün ona əmanətini geri çəkmək lazım gələcəksə, maliyyə itkisi ilə üzləşəcək. Daha yaxşı olar ki müddətdən asılı olaraq vergi təyin edilməsi yığışdırılsın. Belə olarsa, vətəndaş daha da ürəklə banka əmanət qoyar, pul da dövriyyədə olar".