Anormal davranışlarını videoya çəkənlər barədə PSİXOLOQDAN TÖVSİYƏ

Videosu yayılan şəxs daim nəzarət altında saxlanmalıdır

Psixoloq Elmir Əkbər: “Mən bir həkim-mütəxəssis kimi rəy verirəm ki, bu adamın təsəvvür etdiyimizdən də ağır problemləri var...”

“Qonşular deyir, “gəncin gələcəyini məhv etməyin”, əksinə, bu gənc kimlərinsə gələcəyini məhv edə bilər”

  Küçədə insanlara qarşı sərgilədiyi anormal davranışları videoya çəkərək internet resurslarda yayımlayan yeniyetmənin təcrid edildiyi söylənsə də, müzakirələr səngimir. Hətta yeniyetmənin yaşadığı ünvandakı qonşuları da açıqlama verərək yayılan məlumatlara etirazlarını bildiriblər. Qonşular bu fikirdədir ki, yeniyetmənin üzərinə basqı doğru deyil, “onun gələcəyini məhv etmək olmaz”. Konkret.az-da yer alan məlumatda bildirilir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu - Zərifə Mahmudova adlı qadın sosial şəbəkələrdəki müzakirələrə etiraz edərək yeniyetmənin tiktokun qurbanı olduğunu deyib: "Neçə gündür rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, tiktokun növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!".
  Gündəmdən düşməyən hadisə ilə bağlı “Sherg.az"a danışan psixoloq Elmir Əkbər isə yeniyetmənin cəmiyyət üçün təhlükə daşıdığını bildirdi:
- Mən o videoları izlədim və çox təəssüf etdim. Amma əksi də ola bilərdi, pozitiv hisslər yaşaya bilərdk. Əgər bi videolarda səmimiyyət, insanlara qayğı hissinin təzahürü olsaydı. Xarici ölkələrdə sosial çarxlar, videolar, cəmiyyətin reaksiyasını yoxlamaq üçün xüsusi telelayihələr həyata keçirilir. Çox zaman da biz müşahidə edirik ki, insanlar bir-birinə sevgi izhar edirlər, kiməsə kömək etməyə çalışırlar. Bu yeniyetmənin çəkib yaydığı videolarda isə qarşısındakını konkret ələ salmaq var, təhqir elementləri var. Dəqiq bilinmir bu adam gəncdir, yoxsa yeniyetmədir. Amma insanları ələ salır, lağ-lağı edir. Həm də bir videorolik deyil, bir neçə belə məzmunlu rolikləri var onun. Mən bir həkim-mütəxəssis kimi rəy vermək istəyirəm. Çünki tibbi ekspertizada işləmişəm illərlə. Prosesin mahiyyətinə vardıqda, bu nəticəyə gəlinir ki, bu adamın problemləri var. Təsəvvür etdiyimizdən də ağır. Təkcə psixoloji-nevroloji yox, hətta cinsəl baxımdan problemləri olduğunu düşünürəm. Buna elmi dildə cinsi qeyri-müəyyənlik deyilir. Bunları diqqətə alaraq şəxsən mən bu adamı cəmiyyət üçün təhlükəli hesab edirəm. Kim zəmanət verə bilər ki, bu şəxs xətaya yol verməyəcək, azyaşlılara qarşı zorakı davranmayacaq, insanlara təcavüz etməyəcək? Qonşular deyir, “gəncin gələcəyini məhv etməyin”, əksinə, bu gənc kimlərinsə gələcəyini məhv edə bilər. Sabah, birisi gün o, hansısa azyaşlıya və yaxud bir xanıma, yaşlı insana – fərq etmir – kiməsə qarşı daha aqressiv davransa, qarşısıalınmaz bir hərəkətə, sonluğunu dəyişmək mümkün olmayacaq xətaya əl atsa, onu “psixi pozğunluqları olan şəxs” kimi təcrid edəcəklər, amma xətaya məruz qalmış insan bəlkə həyatını itirəcək, bəlkə gələcək həyatı məhv olacaq.
Psixoloq qeyd etdi ki, bu şəxs daim nəzarət altında saxlanmalıdır:
- Həm səhhəti, sağlamlığı nəzarətdə saxlanmalıdır, həm də fiziki davranışları. Mən deyərdim ki, onun təkcə psixoloji deyil, psixiatrik və nevroloji problemləri var. Və buna görə də o mütləq məcburi tibbi müayinədən keçirilməlidir.
  E.Əkbər videoların bu şəkildə geniş yayılması və cəmiyyətin qızğın müzakirələr aparmasının səbəblərini izah etdi:
- Burada, əlbəttə ki, birinci günahkar onun valideynləridir. Valideynlər ailədə uşaqların psixi sağlamlığına diqqət etmirlər. Səhlənkarlıq edirlər. Baş vermiş hadisələrdə məhz valideynlər məsuliyyət və cavabdehlik daşıyırlar. Və onlar cinayət məsuliyyətə cəlb olunmalıdır. Günahkar ikinci tərəfsə, cəmiyyətdir. Cəmiyyətimizdə bu tip süjetlərə, videolara maraq böyükdür, təəssüf ki. Kimsə mənasız, məntiqsiz, cəmiyyətə heç bir faydası olmayan videolar çəkir, paylaşır, insanlarımız da onları izləyir, təqib edir. İngilis və ya rusdilli seqmentlərdə belə hallar yoxdur. Orda maraqlı, cəmiyyət üçün faydalı, əhval-ruhiyyəni yaxşılaşdıran, insanlara nəsə yenilik gətirən videolar paylaşılır. Bizdə isə biabırçı, vulqar, tərbiyəsiz görüntülər paylaşılır. Tiktok, instaqram doludur belə paylaşımlarla. Buna səbəb cəmiyyətimizdə yer alan səviyyəsiz, zövqsüz insanlardır. Əlbəttə, ziyalı, mədəni təbəqə də var. Hansı ki sosial şəbəkələrdən öz zəkalarına uyğun yararlanırlar. Problem həm də bundadır ki, insanlar problemlərini sosial şəbəkələr üzərində həll etməyə çalışırlar. Bir-birini dəstəkləyə-dəstəkləyə, əslində belə hallara rəvac verirlər.