Xalqın gələcəyi sağlam olmalıdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bizə həm fiziki, həm də mənəvi cəhətdən sağlam uşaqlar lazımdır

“Amma təəssüf ki, bəzən valideynlər səhlənkar davranır, acısını da uşaqlar çəkir”

Təhsilverənlər təhsilalanlar üçün sağlam və təhlükəsiz mühiti təmin etməlidir

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsi keçirilib. İmtahanda namizədlərə 30 sual təqdim olunub. Müsabiqədə maksimum nəticə 60 bal, keçid həddi isə 35 bal müəyyənləşdirilib. Qaydaya əsasən 35 və daha çox bal toplayan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər. Qeyd edək ki, psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı var. Qərarda qeyd edilir ki, sözügdən komissiya “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə yaradılır. Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələrinə uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək, sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək, sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək, fərdi təlim planına dair tövsiyələr vermək, sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək, sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək, sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, onların və valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquqları ilə bağlı məsələlərə dair pedaqoji, tibbi və sosial işçilərə tövsiyә və məsləhətlər vermək, sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bankını təşkil etmək və məlumatları Elm və Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdim etməkdən ibarətdir. Həmçinin komissiya sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilalma formalarını müəyyənləşdirir, şagirdlərin sinifdən-sinfə keçirilmə və buraxılış imtahanlarından azad edilməsi üçün qərar qəbul edir, fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyasının aparılması üçün rəy verir, ciddi tərbiyəyə ehtiyacı olan, 11 yaşından 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəssisəsinə göndərilməsi üçün rəy verir. Psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri qərar qəbul etmək üçün rəyin məxfiliyini saxlamağa və aşkarlamamağa borcludurlar. Bu rəydəki məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada aşkarlana bilər. Xüsusi təhsil almaq hüququ psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən verilən sənədlə təsdiq olunur. Komissiya verdiyi sənəddə məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Psixi inkişafın ağır ləngiməsi, debillik və imbesillik arasındakı yaxınlıq vəziyyəti hallarında əqli geriliyin dərəcəsinin dəqiq diaqnozu yalnız təlim-tərbiyə prosesində təyin oluna bilərsə, diaqnozun dəqiqləşdirilməsi məqsədilə uşaq bir ildən artıq olmayaraq xüsusi təhsil məktəbinə göndərilir. Bu müddət qurtardıqdan sonra uşağın təhsilini davam etdirməli olduğu təhsil müəssisəsinin tipini müəyyən etmək üçün o, təkrar olaraq psixoloji tibbi-pedaqoji komissiyaya göndərilir. Psixoloji-tibbi-pedaqoji komissiya qeydiyyat jurnalı aparır. Həmin jurnalda uşağın soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşadığı ünvan, həkimin diaqnozu və uşağın hansı tipli müəssisəyə göndərilməsi qeyd olunur.
  Psixoloji-tibbi-pedaqoji komissiyaların təşkili Azərbaycan dövlətinin hər bir vətəndaşına bərabər təhsilalma hüququnu tanıdığını göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar da bu qəbildəndir. Ümumilikdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinin düzgün aparılmasını prioritet sahə kimi daim diqqətdə saxlayan Azərbaycan dövləti sağlamlıq imkanları məhdud uşaqları da diqqətdən kənarda qoymur və onların həmyaşıdları ilə bərabərhüquqlu bir şəkildə təhsil almasını təmin edir. Sözügedən komissiyanın yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanların təşkili də bu məqsədə xidmət edir. Məsələ ilə bağlı “Sherg.az"a danışan pediatr Vaqif Qarayev qeyd etdi ki, psixoloji tibbi-pedaqoji komissiyalar önəmli xarakter daşıyır:
" Bu komissiyalar sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbini təşkil etməlidir. Uşaqlar çox həssasdır. Onlar yaşıdlarından geri qalmağı, fərqləndirilmələrini sevmirlər və belə bir halla qarşılaşdıqda pessimizmə düşürlər. İnklüziv təhsil məhz buna görə yaradılıb ki, bütün uşaqlar, fiziki göstəricilərindən asılı olmayaraq təhsilə cəlb olunsunlar. Fiziki göstəricilər mənəvi inkişafa o zaman mənfi təsir göstərir, nə zaman ki, uşaq yaşıdlarından fərqləndirilir. Biz təcrübədə belə halları görmüşük. Sağlamlıq imkanları məhdud uşaqlarla səmimi səhbət edəndə, onların bacarıqlarını üzə çıxardıqda, onlara stimul verdikdə, təhsil alıb ali məktəbə daxil olacaqlarını, arzularını həyata keçirəcəklərini, valideynlərinin, başqalarının onlara inandığını söylədikdə, müsbət enerji alırlar, üzləri, gözləri gülür. Amma elə ki kənardan kimsə onlara sınayıcı nəzərlə, tərs baxırsa, bunu hiss edirlər və kədərlənirlər. Bizim məqsədimiz təkcə o deyil ki, anadangəlmə sağlam uşaqların xəstələnməməsini, normal fiziki inkişafının qayğısına qalaq. Vəzifəmiz həm də bu olmalıdır ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına kömək edək. Bu uşaqlar arasında istedadlılar çoxdur. Yaxşı rəsm çəkirlər, əl işləri ilə məşğul olurlar. Fiziki qüsurlular arasında görün nə qədər paralimpiyaçılar var. Yarıçlaar qatılırlar, qalib olurlar. Bu, onlara yaradılan şərait və onlara olan inam sayəsində baş verir. İnsan hiss edəndə ki ona inanırlar, ona dəstək verirlər, arxası, dayağı var, daha da ürəklənir. Belə insanlar hər bir sahədə qalib olmağa can atırlar".

  V.Qarayev qeyd etdi ki, fiziki qüsurlu körpələrin dünyaya gəlməsində də, sağlam doğulanların sonradan müəyyən xəstəliklər, qüsurlar qazanmasında da həkimlərlə yanaşı valideynlər də məsuliyyət daşıyır:
"Bunu hər zaman bildiririk ki, valideyn uşağın qayğısına qalmalıdır. Peyvəndin vacibliyini ona görə vurğulayırıq ki, bəzi peyvəndlər vurulmadıqda bir müddət sonra uşaqlarda əlilliyin yaranmasına səbəb ola bilir. Bizə həm fiziki, həm də mənəvi cəhətdən sağlam uşaqlar lazımdır. Xalqın gələcəyi sağlam olsun. Amma təəssüf ki, bəzən valideynlər səhlənkar davranır, acısını uşaqlar çəkir".
  V.Qarayev hazırkı dövrdə valideynlərin övladlarına yetərincə vaxt ayırmaması məsələsinə də toxundu:
" Dünən Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Gender bərabərliyinin təmin edilməsiylə bağlı hesabatı dinlənilib. Orada çox yaxşı bir təklif səslənib ki, Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib, işdən isə 1 saat tez getməsi maddəsi əlavə edilsin. Mən də bunu vacib sayıram. Elə etmək lazımdır ki, analar uşaqlarına daha çox vaxt ayıra bilsinlər. Çox vaxt qınayırıq anaları, uşağı nəzarətsiz qoyub, filan... Amma bir tərəfdən baxanda, ana neyləsin, səhər işə gedir, axşam qayıdır. Nəzarət imkanı çox azdır, ya da heç yoxdur. Uşaqlar da kənar təsirlərə tez düşür. Ziyanlı vərdişlər qazanırlar. Problemlər çoxdur. Məktəbi də qınayırıq. Müəllim şagirdlərə nümunə olmalıdır. Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib ki, təhsilverən – müəllim, pedaqoji heyət üzvü - xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Qərara əsasən, təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur. Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Bunlar təhsilverənlərin etik davranış Qaydalarında da təsdiqlənib. Müəllim şagirdin gözü qarşısında siqaret çəkirsə, söyüş işlədirsə, özünü nalayiq aparırsa, uşaq ondan hansı tərbiyəni əxz edəcək? Kollegiyanın qərarı təqdirəlayiqdir və belə hallara yol verən pedaqoji heyət məsuliyyətə cəlb olunmalıdır".