İyun ayı niyə isti keçir?

Professor havanın temperaturunun yüksəlməsini izobarik proseslə izah edir


  İyun ayı istilərlə başlayıb. May ayında havanın temperaturunun kəskin enməsi, küləkli və yağıntılı havalarda az qalsın qış geyimlərinə keçəcək olan əhali iyunun ilk günlərindən qızmar istiyə düşüb.  Bu da anomal iqlim dəyişmələri ilə izah edilir. Hazırda paytaxtda anomal isti hava müşahidə edilir. Və istilərin həftə sonunadək davam edəcəyi qətidir. İsti hava təkcə ölkəmizdə deyil, qardaş və qonşu Türkiyədə də müşahidə edilir. İstanbulda  hazırda iyun ayı üçün xarakterik olmayan 32 dərəcə isti var. Qeyd edilir ki, indiyədək İstanbulda iyun ayında temrepatur 26 dərəcədən yüksək olmayıb. Bəs havaların belə kəskin istiləşməsinin səbəbi nədir?  
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, İstanbul Texnik Universiteti kosmik elmlər fakültəsi meteoroloji mühəndisliyi bölümünün professoru Hüseyin Toros İstanbulda havanın temperaturunun yüksəlməsini izobarik proseslə izah edib. İzobarik proses atmosfer təzyiqinin yüksəlməsi ilə baş verir. Havada istiliyin artmasına atmosfer təzyiqinin yüksək olması səbəb olur. Atmosfer təzyiqi yüksək olduqda havanın yerə doğru çökməsinə, çökdükcə də isinməsinə səbəb olur. Bu da havanın temperaturunun yüksəlməsiylə nəticələnir. Hava günəşli, səma buludsuz, açıqdırsa, temperaturun yüksələcəyi proqnozlaşdırılır. Hazırda İstanbul bu iqlim dəyişikliyinin təsiri altındadır. Professor Hüseyin Toros eyni zamanda Türkiyəyə Afrika və Ərəbistan yarımadasından isti hava dalğasının daxil olduğunu da deyib. Bu səbəblə hazırda havanın temperaturu iqlim normasından xeyli yüksəkdir. Yüksək atmosfer təzyiqi Türkiyənin cənubunda da hakimdir və havanın temperaturu yüksəkdir. Professor kəskin isti havada yaşlı insanların, hamilə qadınların küçəyə çıxmamasını, azyaşlı uşaqların günəş şüasından qorunmasını tövsiyə edib. Eyni xəbərdarlıq ölkəmizə də aiddir. Günəşin zirvədə olduğu saatlarda – 11:00-dan 18:00-dək açıq havada gəzmək təhlükəlidir.