“Təhsildə azadlıq”: Tələbənin geyimi həmin andakı statusuna uyğun olmalıdır

Son illərdə cəmiyyətimizdə mədəni, etik davranış tərzi aradan çıxmaq üzrədir

  “Təhsildə azadlıq” şüarının ölkəmizə Amerikadan, Qərbdən təşrif buyurması şəksizdir. Sərbəst geyimli, müəllimlə dil-dil ötüşən, hazırcavab, sinif otağında, auditoriyada oturacaqların, masaların üstünə çıxan məktəbliləri, tələbələri Amerika filmlərində görüb “xoşhal” olurduq və çox istəyirdik ki, bu “azadlıq” bizə də gəlib çatsın. Çatdı. Arxayın ola bilərik artıq. Amma hər bir məsələdə olduğu kimi yenə də vacib məqamları unutduq. Unutduq ki, “azadlıq” təkcə davranışla sərgilənmir. Əsl azadlıq düşüncə, mövqe azadlığıdır. Çox zaman olduğu kimi yenə səhvə yol verdik. Geyimlərimizi sərbəstləşdirdik, düşüncə və mövqeyimiz isə dustaq qaldı. Bu yanlışlıqlar hazırda həm orta məktəblərdə, həm də ali məktəblərdə fəsadlar törətməkdədir. Orta məktəb şagirdləri ali məktəb tələbələrinə bənzəyirlər. Ali məktəb tələbələri isə... Bunu Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyeva “Həftənin qonağı” proqramında belə izah edib: “Evdən uzun ətəklə çıxır, görürəm, dərsdə şortla oturur. “Qızım, hara gəlmisən? Bura plyaj deyil”. Milliliyimizi itirməyək, onun üçün çimərlik var. Klublar, barlar var. Siz deyirsiniz “dress-kot”, əcnəbi sözləri eşidəndə allergiyam tutur. Bu, geym tərzinin adıdır. Tələbə qız şortda əyləşib, yanında da oğlan əyləşib. Mən sənətimizdən, aktyorluqdan danışıram, görürəm ki, oğlan yavaş-yavaş qızın ağ budlarına baxır. Deyirəm, filankəs, buradayam. Deyir, hə, müəllim, sonra yenə fikri yayınır. Deməli, bu gün o həmin dərsi öyrənmir. Axırda qızı qaldırıram, deyirəm, get, adam vidində geyin. İndiki qızlar da dilli olub. Qarşısındakı pedaqoqun yaşını da nəzərə almır, cavab qaytarır ki, hansı paltarda gəlmişəm?! Deyirəm, sən dənizə getdiyin paltarda gəlmisən. O uşaq da (yanında əyləşən) başa düşmür, onu dərsə cəlb edə bilmirəm, çünki cazibə qüvvəsi sənin baldrılarındadır. Mənim dərsimə belə gəlməyin. Qolu uzun geyimdə gəlin, dar olmayan şalvar geyinə bilərsiniz, qısaqol olar, amma digər açıq, “topik” geyim qətiyyən olmaz”.
  Əməkdar artistin dediklərində həqiqət var. Təəssüf ki, hazırda cəmiyyətdə “kimsənin geyiminə müdaxilə etmək olmaz”, fikri geniş yayılıb. Bu yanaşmanı müdafiə edənlər, qəbul etmək istəmir ki, konkret hallarda mübahisə yaradan kiminsə geyimi deyil, şagirdin, tələbənin geyimidir. “Dress-kot” geyim tərzi nədir – ciddi iş geyimi. Məşhur şirkətlər, müəssisələr, rəsmi idarə və təşkilatlar, banklar və sair ciddi iş yerlərində əməkdaşlardan səliqəli, ciddi geyim tələb olunur. Hazırda bir çox müəssisə və təşkilatların öz uniforması var. Hər hansı tədbir, rəsmi mərasim, qəbul, görüş, təqdimatlar zamanı da “dress-kot” geyimlər tələb olunur. Rəsmi qəbullara kiminsə açıq-saçıq, çimərlik geyimində gəldiyini kimsə görübmü? Belə hallar “Met Gala” kimi mərasimlərdə yaşanır. Ora “pişik geyimi”ndə gələnlər də olur. Eləcə də orta məktəb və ali məktəb “qırmızı xalı”lar yeri deyil ki, şagird, tələbə transparan geyimlərdə gəlsin. Heç amerikan şagirdləri də belə geyinmir. Onlar sadəcə, rahat geyimdə olurlar. Rahat geyimsə, insanı naharat hiss etdirməyən, ətrafa da rahatsızlıq verməyən geyimdir. Əgər bir tələbə dərs müddətində yaxasını və ya ətəyini davamlı dartışdırırsa, ətrafdakıların da diqqətini yayındırırsa, bu, rahat geyim sayılmaz. Cazibəli, çəkici geyim sayılar. Əgər geyimlərdə fərq olmasaydı, birinə toy, nişan geyimi, digərinə səyahət, idman, çimərlik geyimi deyilməzdi. İdman geyimi ilə toya, toy geyimi ilə çimərliyə gedərdilər. Hərçənd son illərdə cəmiyyətimizdə belə adamlar da tapılır. Amma istisnalara varmayaq.
  Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az"a açıqlamasında cəmiyyətdə tarazlığın pozulduğunu, etik davranış qaydalarının, zövqlü geyim tərzinin sıradan çıxmağa başladığını dedi:
" Təəssüflə qeyd etməliyəm ki, son illərdə cəmiyyətimizdə mədəni, etik davranış tərzi aradan çıxmaq üzrədir. Geyimi, xanım-xatınlığı ilə seçilən Azərbaycan qadını, məğrur duruşu, geyim tərzi ilə seçilən Azərbaycan kişisi obrazı da sıradan çıxmaq üzrədir. Hər yerin öz geyim tərzi var və o insanlar mədəni, sivil hesab edilir, hansı ki harada necə davranmaq lazım gəldiyini bilirlər, geyim tərzini də bilirlər. İndi belə insanlar çox azdır. Əksəriyyətin geyim, davranış anlayışları dəyişib, kəskin deqradasiyaya uğrayıb. Havalar azacıq isinən kimi, üzr istəyirəm, “qarnı açıq” qızlar peyda oldu. Yaşlı insanlar belə geyimli qızlara baxmağa utanır. Amma onlar utanmır. Mən Gülşad xanımı anlayıram və onun mövqeyini təqdir edirəm. Şəxsən mən də tələbələrimə açıq-saçıq, qısa geyimlərdə dərsə gəlməyi qadağan etmişəm. Bildirmişəm ki, bu cür geyimli qızlar mənim dərs saatımda auditoriyaya daxil olmasın. İndi kimsə, iddia edə bilər ki, mən tələbənin geyim azadlığını məhdudlaşdırıram. Bunu kim iddia edirsə, dar düşüncəli, metodika, pedaqogika və psixologiyadan bixəbər insandır. Auditoriyada bir tələbə qızın qısa ətəkdə, yaxud bel, qarın nahiyəsi açıq koftada əyləşməsi, təbii olaraq digər tələbələrin diqqətini dağıdacaq. Eləcə də əgər tələbə və ya şagird dərsə qulağında sırğa, müxtəlif bəzək, zinət əşyaları ilə gəlirsə, digər tələbə və şagirdlərin dərsdə diqqətinin dağılacağı labüddür. O uşaqların fikri dərsdə olmayacaq, gərginlik yaranacaq. Bunu kimsə, nəfsi cilovlamaqla, ehtirası ələ almaqla əlaqələndirməyə çalışmasın. Məktəb, sinif otağı, eləcə də auditoriya təcrübə poliqonu deyil, yoxlayaq ki, beli, qarnı açıq tələbə qız və ya şalvarı belindən düşən oğlana çoxmu diqqət yetirildi, dərsdə fikir yayındı, yayınmadı. Birdəfəlik qəbul edilməlidir ki, təhsil ocağının öz geyim tərzi olmalıdır. Sadəcə, problem şəklini almış bu məsələ Elm və Təhsil Nazirliyi tərəfindən düzgün formada elm və təhsil ictimaiyyətinə çatdırılmalıdır. Nazirlik izah etməli, əsaslandırmalıdır ki, niyə məktəbli qız və ya oğlan saçlarını çiyinlərindən aşağı salmamalıdır, niyə tələbə qız və ya oğlan dar, qısa geyimdə, sırğayla, bahalı saatla, açıq-saçıq geyimdə dərsə gəlməməlidir. Bunu edə bilsələr, problem həllini tapacaq, hamının fikri dərsdə olacaq, fənlər də yaxşı mənimsəniləcək. Nə qədər qız, oğlan ali məktəb auditoriyasındadır, tələbədir. Geyimi də həmin andakı statusuna uyğun olmalıdır. Dərsdən sonra hara istəsə gedə, nə istəsə geyinə bilər. Dərsə isə təhsilə uyğun geyimdə gəlinməlidir".