Çin onlayn səyahət platformalarında Azərbaycana sifarişlər kəskin artıb

İyulun 3-də Azərbaycan Çin vətəndaşları üçün bir illik vizasız rejim tətbiq etdikdən sonra, Çin onlayn səyahət platformalarında Azərbaycanla əlaqəli turizm məhsullarına maraq kəskin şəkildə artıb.

“Sherg.az” "Global Times"a istinadən xəbər verir ki, iyulun 4-də Azərbaycanla əlaqəli turizm məhsullarının axtarış həcmi 50 % artıb.

Bildirilib ki, Azərbaycan istiqamətinə olan sifarişlər ötən ilin iyulun əvvəli ilə müqayisədə 85 % artıb. Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana olan sifarişlər isə 103 % artıb.

Məlumata görə, bu ilin iyulun 4-nə qədər Çindən Azərbaycana aviabilet sifarişlərinin həcmi 336 % artıb.

Qeyd edək ki, Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq edilib. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də qeyd olunub.

Bu ilin yanvar-may aylarında Azərbaycana 179 ölkədən 965,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Çindən Azərbaycana gələnlərin sayı 2,8 dəfə artıb.