BTE-nin satış müdiri -Məktəbli formaları qəsdən ucuzlaşdırılıb

Məqsəd bazarda saxta formaların satışının qarşısını almaqdır

"Qiymətləri endirməklə həm də istehsal etdiyimiz məktəbli formalarının daha çox satışını təmin etmiş oluruq"

 
Məktəbli formaları ucuzlaşıb. “Sherg.az” qiymət endiriminin səbəblərini araşdırıb. Məlum olub ki, ucuzlaşma bazarda saxta məktəbli formalarının satışının qarşısının alınması və məktəblilərin daha keyfiyyətli parçalardan istehsal edilmiş geyimlər əldə etməsi məqsədi daşıyır.  

Bu barədə “Sherg.az”a Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov məlumat verib 
  “Bazara  saxta məktəbli formaları da çıxarılır. BTE vahid məktəbli formalarının istehsalına başladığı vaxtdan saxta geyimlərlə həmişə mübarizə  aparıb. Valideynləri məlumatlandırmağa çalışmışıq ki, məktəbli formaları alanda diqqətli olsunlar, üzərində BTE-nin loqosu olmayan formaları almasınlar. BTE-nin ixtisaslaşmış mağazalarından alış-veriş etsinlər. Mağazalarımızın ünvanını da daim qeyd etmişik. Amma bu, bazardır. Kimlərsə sexlərdə istehsal edilmiş geyimləri satışa çıxarır, müxtəlif qiymətlər təyin edirlər, valideynlər də alır. Bakı Tikiş Evinin paytaxtda 11 satış mərkəzi var, hamısı da hər ölçüdə məktəbli formaları ilə təmin edilib. Valideynlər bəzən satış mərkəzindən kənar yerlərdən formalar alırlar. Amma bildirmək istəyirəm ki, bu, uşaqların sağlamlığı üçün ziyanlıdır. Onlarda müəyyən allergik problemlər yarada bilər. Ancaq fabrik istehsalı olan məktəbli formaları alsınlar”, söyləyən E.Əzimov məktəbli formalarının qiymətindəki ucuzlaşmanın səbəbini də izah etdi: 

- Qiymətlərdə endirim yalnız şalvar və ətəklərdə edilib. Saxta şalvar və ətəkləri bazarda 16-20 manata satırlar. Bizdə isə əvvəlcə 25 manat idi. Alıcı da, istər-istəməz düşünür ki, 25  manata yox, 17-20 manata alsın, 5-8 manat qənaət etsin. Amma düşünmür ki, bu saxta geyim uşağın dərisində səpgilər əmələ gələ bilər, uşaq bu formanı neçə müddət geyinə biləcək, tez xarab olacaq, ya yox. Keyfiyyətsiz parçalar bədənə ziyandır, ömrü də qısadır. BTE-nin məktəbli formaları isə keyfiyyətli parçalardan  istehsal edildiyi üçün dəridə mənfi reaksiyalar yaratmır, rahatdır və bir neçə il istifadə oluna bilir. Böyük bacı-qardaşdan sonra kiçiklər də geyinə bilir. Şalvar və ətəklər tam yun parçadan deyil. 60 faiz yundur, 40 faiz poliesterdir. Tam yun parça olsaydı, qiymətlərdə endirim edə bilməzdik. Ümumiyyətlə, şalvar və ətəklərin istehsalında tam yun parçadan istifadə edilmir. Qayda belədir. Biz bu parçaları Belarusiya və Türkiyədən alırıq. Keyfiyyətli parçalardır. 10 manata alırıq, istehsal xərcləri əlavə edildikdə 18-18.50 manata başa gəlir. Satış qiymətini 20 manat təyin etməklə bizim burada qazancımız manat yarımdır. Bunu ona görə edirik ki, uşaqlar keyfiyyətli parçadan tikilmiş  forma geyinsinlər. Valideynlər məhsulun ucuzluğuna aldanıb keyfiyyətsiz geyim almasınlar. Qiymətləri endirməklə həm də istehsal etdiyimiz məktəbli formalarının daha çox satışını təmin etmiş oluruq. Məqsədimiz həm də budur ki, məhsul satılsın, eybi yoxdur, bir qədər az qazanc əldə edək, təki məhsul anbarlarda qalmasın. Bununla saxta məktəbli formalarının satışının qarşısını da alırıq.