Abşeron rayonu, Xırdalan şəhərində evlər bahalaşıb.
Sherg.az xəzərxəbər-ə istinadla bildirir ki, rieltorlar deyirlər ki, mənzillərin qiymətində təxminən 5-10 min manat arası artım var.
Onların sözlərinə görə, tikinti materiallarının bahalaşması, eyni zamanda, paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması Xırdalan şəhərində də daşınmaz əmlak bazarına təsir göstərib.
Sakinlər də qiymət artımını təsdiqləyirlər.
Rieltorlar deyirlər ki, Xırdalanda kirayə ev üçün müraciət edənlər də çoxdur. Əvvəllər 300-350 manata kirayə verilən evlər indi 400-450 manata təklif edilir.
Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadə “Sherg.az”a bildirib ki, Bakı şəhərində daşınmaz əmlak bazarında qiymətlərin artımı ətraf ərazilərə, hətta rayonlara belə təsir edir:
“Bakı şəhərinə ən yaxın olan ərazilərdən biri də Xırdalan şəhəridir. Ona görə də Xırdalandakı qiymətlərin artımı Bakıdakı bahalaşma ilə bağlıdır. Hətta paytaxtda artımlar o səviyyəyə gəlib çatıb ki, vətəndaşlar artıq Bakıdan bir qədər kənar ərazilərdən əmlak almağa üstünlük verirlər. Bu isə öz növbəsində tələbin yüksək olmasına və qiymətlərin qalxmasına təsir edir. Ötən ildən başlayaraq paytaxtda baş verən qiymət artımlarının şahidi olduq. Son vaxtlar Xırdalan ərazisində də 10 faizə qədər artımlar müşahidə edilir. Keçən il ilə müqayisə etdiksə isə artım 20 faizin üzərindədir. Əvvəllər Xırdalanda 40-45 min manata 1 otaqlı mənzil tapmaq mümkün idisə, artıq bu qiymət 65-70 min aralığında dəyişir. 2 otaqlı evlərin qiyməti 90, 3 otaqlıların qiyməti isə 100 minin üzərindədir. Fərdi yaşayış evlərində qiymət artımı çox olmasa da, bir qədər nəzərə çarpır. Son vaxtlar Xırdalanda apartman tipli mənzillərin satışı geniş vüsət alıb. Yəni fərdi yaşayış evi altında tikililər həyata keçirilir. Orada isə 1 kvadrat metri 700 manatdan təklif olunur. Hazırda bazarda yeni tikili evlərin kvadratı 1500 manata da satılır”.