Dollara olan tələbat bu ayda daha çox artacaq -İqtisadçıdan ŞOK PROQNOZ

Bu il Azərbaycanda dollara tələbat kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə bu ilin iyul ayında valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyul ayı ilə müqayisədə 2,2 dəfə çox deməkdir.
Bəs, maraqlıdır bu il Azərbaycanda dollara tələbat niyə artıb? Növbəti aylarda dollara tələbat daha da yüksələ bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə dollara tələbatın artmasının əsas səbəbi məhz dövlət büdcəsində investisiya xərcləri ilə bağlıdır:
"Bu il dövlət büdcəsinin investisiya xərclərində ötən illə müqayisədə əhəmiyyətli artım var. Dövlət həm Qarabağ və Şərqi Zəngəzurun bərpasına, həm də COP29 ilə bağlı layihələrə, tikintiyə ciddi investisiyalar qoyur və bərpa etmədə idxal komponenti mühümdür. Dövlət büdcəsində bu istiqamətlərdə xərclər artdıqca idxal da artır. Çünki yerli istehsal obyektiv və subyektiv səbəblərdən aşağı səviyyədədir. Həm istehlak bazarında, həm də investisiya qoyan zaman istifadə olunan malların əksəriyyəti xaricdən gətirilir. Bu baxımdan dövlət investisiya layihələri artdıqca idxal da artır. Ölkədə dollara tələbatın artmasının əsas səbəbi budur. Yəni burada əhalinin şəxsi məqsədlər üçün dollar alışının artımından söhbət getmir".

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a bildirib ki, son zamanlar Azərbaycanda banklara yatırılan əmanətlərin, xüsusən də manatın həcmində ciddi şəkildə azalma baş verib:

“Bu həm yerli bankların statistik məlumatlarında, həm də son 6 ay üzrə Mərkəzi Bankın açıqladığı rəqəmlərdə özünü ifadə edir. Azərbaycan vətəndaşları müəyyən tərəddüd içindədirlər. Həm banklara olan güvənin az olması, həm də devalvasiyanın baş verməsi və dolların bahalaşması ilə bağlı bir sıra gözləntilərin olması nəticə etibarı ilə ölkədə dollara olan tələbatı artırıb. Faktiki olaraq turizm mövsümündə, dollara olan tələbat artmamalı idi. Lakin görünən odur ki, vətəndaşların banklara güvəni az olduğu üçün vəsaiti özlərində saxlamaq istəyirlər. Daşınmaz əmlak bazarındakı durğunluq da nəticə etibarı ilə ölkədə vətəndaşların şəxsi saxlanc yerlərində dollar toplamasına marağı artırıb. Belə olan təqdirdə alışı ilə bağlı dollara tələbin artması prosesləri baş verir. Dollara olan tələbat yaxın aylarda biraz daha çox artacaq. Çünki yeni tədris ili başlayacaq. Xaricdə təhsil ilə bağlı səfərlər ölkədən dolların çıxışına ciddi təsir göstərəcək. Digər tərəfdəndə təhsil və səhiyyə xərcləri, tətil mövsümünün başa çatması, vətəndaşların yenidən sosial həyata başlaması nəticə etibarı ilə dollara tələbatı artıracaq. Böyük ehtimal ilə bu tələb sentyabr ayından artacaq. Ümumiyyətlə Azərbaycanda həm ölkədən çıxarılma, həm də vətəndaşların şəxsi saxlanc yerlərində dollara üstünlük verməsi daxildə dollar satışını hər gün artırır. Lakin bu dolların bahalaşacağı ehtimalları ilə bağlıdır. Azərbaycanda dolların qiymətinin yerli valyuta ilə nisbətdə bahalaşması ehtimalları hər gün artmaqdadır”.