“Hazırda “Trendyol” tərəfindən Azərbaycana göndərilən malların hamısı manapoliyadadır. Bir sıra dələduzlar belə məhsulları ölkəmizə gətirir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Havıyev deyib.
O bildirib ki, “Trendyol” kiməsə güvənib belə addımlar atırlar:
“Ona görə də bu şirkət millətimizi aşağılayır, millətə zəhərli, vaxtı keçmiş, keyfiyyətsiz paltarlar, mallar göndərir. Bizim Azərbaycan milləti də bir az sadəlöhv olduğu üçün öz qədrini bilmir. Bizdə gecə-gündüz çalışırıq ki, millət ayılsın, özünə hörmət etsin. Türkiyədə dələduzlar çoxdur. Elə “Trendyol” onlardan ən öndə gedənidir. Bu, Türkiyənin məşhur kargo şirkətlərindən biri olsa da, bu şirkət sadəlöhv xalqımızı keyfiyyətsiz, cırıq-sökük mallarını sırıyır. Türkiyədə o qədər dələduz var ki, bizim dələduzlarla birləşib, ölkəmizdə keyfiyyətsiz işlər görürlər. Reallıq budur. Bu gün məsuliyyət xalqın üzərindədi. Xalqımız hər şeyə biganə yanaşır və dırnaqarası baxır. Bu cür dələduzlar millətimizi zəhərliyib öldürmək istəyirlər, həm də keyfiyyətsiz mal geydindirərək aşağılayırlar. Hər halda millətimizi yiyəsiz qoymayacağıq”.
Partiya sədri onu da vurğulayıb ki, belə məsələlərdə birgə mübarizə aparmalıdır:
“Azərbaycana nə qədər keyfiyyətsiz mal gəlirsə, onu almamalı, əksinə Azərbaycanda müvafiq iş yerləri açmalıyıq. Düşünürəm ki, biz əl-ələ verib bu istiqamətdə ciddi işlər görəcəyik”.
Mövzuya münasibət bildirən marketinq mütəxəssisi Bəylər Əlizadə “Sherg.az”a bildirib ki, "Trendyol" hansısa istehsal müəssəsisəsi deyil ki, biz onu keyfiyyət mövsuzunda ittiham edək:
“"Trendyol" Türkiyənin yerli və qlobal markalarını özündə birləşdirən onlayn alış-veriş platformasıdır. Hansısa məhsul keyfiyyətsizdirsə, buna görə həmin marka məsuliyyət daşıyır. Əgər bu hal təkrarlanarsa və "Trendyol" bu məsələdən xəbərdar olarsa, sözügedən markanı öz platformasından çıxarır. Çünki onun üçün ən vacibi müştəri məmnuniyyətidir. "Trendyol" təkcə bu ilin mart-aprel ayında 4.5 milyon məhsulu dünya bazarına çıxarıb. Ölkə xaricinə satışda isə Azərbaycan ilk üçlükdədir. Platforma sizə müxtəlif çeşid və qiymət təklif edir. Siz buradan bir köynəyi 10 manata da ala bilərsiniz, 1000 manata da. Burada keyfiyyəti sizin seçdiyiniz marka və büdcəniz təyin edir. Bizim hazırda atmalı olduğumuz addım xidmət səviyyəsini yüksəltməkdir ki, müştəri onlayndan 2-3 qat fərqli qiyməti ödəməklə daha rahat alış-veriş etdiyini hiss edə bilsin. Mağazalarımızda xidmət səviyyəsi xeyli geridədir. Müştəri ona qarşı məmnuniyyət olmayan, yalnız satmağa çalışan satıcılara xeyir vermək istəmir. Xüsusən də eyni məhsulu 2-3 qat aşağı qiymətə rahat şəkildə sifariş verirsə, 1 həftə gözləmək onun üçün problem deyil. Buna görə də mağaza rəhbərləri gətirdikləri məhsulları bir daha analiz etməli, komandalarına satış təlimləri keçməli, alış-veriş prosesini rahatlaşdırmalıdırlar. Hazırda Bakıda yetəri qədər mağaza var ki, şəhər daxili çatdırılmanı "Trendyol"la eyni vaxtda başa çatdırır. Danışılmalı olan məsələlər bunlardır. Əks halda biz davamlı olaraq kənardan gələn platformalara uduzacağıq. Hansı ki, sayları və gücləri günü-gündən artır”.