“Azərbaycan tərəfinin Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qüvvədədir. Bunun tezliklə aradan qalxacağını düşünmürəm. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun dediyi kimi sülh üçün əsas maneələrdən biri də konstitusiyanın dəyişdirilməsidir”
Bu barədə “Sherg.az”a politoloq Turan Rzayev söyləyib.
O bildirib ki, Azərbaycanın konstitusiya məsələsində israrlı olmasının səbəbi var:
“Ermənistan konstitusiyasının 13-cü maddəsində dövlət atributları ilə bağlı bənd mövcuddur. Həmin bənddə dövlət atributlarının təsvirləri yer alır. Ermənistan gerb və atributlarında onların dırnaqarası tarixi krallıqları əks olunub. Bu dırnaqarası krallıqlarının əraziləri Anadolunun Şərq vilayətləri, Gürcüstanın Cavaxetiya, Azərbaycanın isə Qarabağ, Naxçıvan bölgələrini əhatə edir. Azərbaycanın birinci tələbi ərazi iddialarının əks olunduğu bəndin konstitusiyadan çıxarılmasıdır. Digər tərəfdən konstitusiyanın konkret bəndləri var ki, gələcəkdə sülh prosesindən yayınmaq üçün hüquqi baza təşkil edir. Dünya praktikasında buna bənzər hadisələr dəfələrlə təkrarlanıb. Məsələn, İkinci Dünya Müharibəsindən sonra Almaniya və Yaponiya konstitusiyaları dəyişdirildi. Eyni zamanda Böyük Britaniya İrlandiya konstitusiyasının dəyişdirilməsini tələb etdi və icra olundu. Sülhün qalıcı olması üçün mütləq şəkildə Ermənistan konstitusiyası dəyişdirilməlidir. Konstitusiyasının dəyişdirilməsi tələbi gələcəkdə gərginliyin yenidən alovlanması və münaqişənin qarşısını almağa hesablanan uzaqgörən siyasətin nəticəsidir".