Professor: Jurnalistika ixtisasına qəbul zamanı qabiliyyət imtahanı gərəksizdir -RƏYLƏR

Xeyirdən çox zərəri var

10 il əvvəl tətbiq edilmiş qaydaya “tamam”, yaxud “davam” söyləmək yenə də mütəxəssislərdən, peşəkarlardan asılıdır

  Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilir ki, imtahanda iştirak etmək hüququ qazanmış 893 abituriyentdən 188 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 634 nəfər “məqbul” qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 9-dan 19-dək aparılacaq. İmtahan nəticələri ilə razılaşmayıb  Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 8 avqust saat 10:00-dan 9 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. 
  Bu məlumatdan sonra  “Jurnalist ixtisasına qabiliyyət imtahanı lazımdırmı” müzakirələri yenidən qızışıb. Xatırladaq ki, jurnalist ixtisasına qabiliyyət imtahanları ilə qəbul 2014-cü ildən tətbiq edilməyə başlayıb.  Ötən 10 ildə bu sahədə nə dəyişib, qabiliyət imtahanları jurnalistika fakültəsinə nə qazandırıb, bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən görmək olar. 
  Jurnalistlərlə birbaşa təmasda olan Əməkdar jurnalist, professor (BDU-da Televiziya və radio jurnalistikası kafedrasının professoru) Qulu Məhərrəmli feysbuk səhifəsində paylaşım edərək “Jurnalist ixtisasına qabiliyyət imtahanı lazımdırmı” sualına cavab yazıb: 
- …Bu qabiliyyət imtahanı lazımdırmı, bu imtahanın jurnalistika təhsilinə bir faydası varmı? Reallıq belədir ki, indiki halda belə bir imtahanın keçirilməsi abituriyentlər üçün əlavə həyəcan, DİM üçünsə əlavə təşkilati qayğıdır. Ən pisi odur ki, bu imtahanın tədris üçün heç bir praktik faydası yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür. Digər tərəfdən, axı jurnalistika ədəbi yaradıcılıq (hekayə, şeir və s.) sahəsi deyil, cəmiyyətə bağlı olan sosial institutdur. Amma biz abituriyentə (fantaziyanın gücü ilə) esse yazdırmaqla (publisistika), onu ibarəli, obrazlı ifadə tərzinə yönəltməklə faktiki olaraq indidən jurnalistikanın, ilk növbədə isə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik. Əsas məsələ odur ki, qabiliyyət imtahanının tətbiqindən sonra bu imtahanın xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb... Yəni təcrübə göstərir ki, jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri vardır… Əlbəttə, bu məsələyə başqa yanaşmalar da ola bilər, amma acı reallıq mən dediyim kimidir...

  Q.Məhərrəmlinin statusuna rəylərdə də fikirlər müxtəlifdir. Aralarında jurnalist  fəaliyyəti gostərən, lakin jurnalistika fakültəsini bitirməmiş şəxslər, bu fakültəni bitirib, amma jurnalist fəaliyyəti göstərməyənlər də var. Rəylər çox maraqlıdır:    
  Lalə Mehralı: İxtisasca jurnalist deyiləm, təhsilim başqa sahədir, amma məni jurnalistikaya olan marağım və sevgim gətirib. 22 ildir jurnalistika fakültəsindən işlədiyim yerlərə praktikaya gələnlər arasında çox nadir istedadlı gənc görürəm. Öyrətdiyini öyrənə bilmir. Çoxu əlacsızlıqdan oxumuş kimidir, nəinki jurnalistika janrlarını bilir, heç bəsit, primitiv inşa yaza bilmir, ona görə də çoxunun beyin məhsulu yoxdur, xəbər daşıyıcısı olmaqdan, açıqlama alıb köçürməkdən, türk mətbuatından səriştəsiz tərcümə etməkdən irəli gedə bilmirlər. Deməli, heç qabiliyyət imtahanı da bir işə yaramır.

  Rəşad Məcid: - Hörmətli Qulu müəllim tədris prosesinə yaxından bələd olduğuna görə vacib problemi diqqətə çatdırıb. Vaxtilə qabiliyyət imtahanının bərpa olunması məsələsində Mətbuat Şurasının mövqeyi də nəzərə alınmışdı. Ola bilər indi artıq bu özünü doğrultmur. MŞ İdarə Heyətində məsələnin müzakirəsini vacib hesab edirəm. Hər halda Qulu Məhərrəmli və Vüqar Zifəroğlunun münasibəti bizim üçün aparıcı olmalıdır.

  Rasim İsmayılov: - Axır ki, axır ki... Neçə il öncə mən bunu deyəndə yun kimi didirdilər. İzah edə bilmirsən ki, ay adam, jurnalistika peşədir, sənət deyil. Hansı cücərtini görəcəksən o essedə? Ümumiyyətlə, esse yazmağın jurnalistikaya nə dəxli var? Və bunu da əlavə edim. 2015-ci ilin bu günlərində "Speys"in qabağında xeyli jurnalist dostlardan gördüm. Soruşdum, xeyir ola? Dedilər bu məktəbdə qabiliyyət imtahanı götürürdük. Dedim deyəsən indi də falçılığa başlamısınız. İki sətir yazdırıb jurnalistliyini müəyyən edirsiniz uşağın. Bir-ikisi etiraz elədi. Çox ağır söhbət elədim. Dedim cavan uşaqlara, öz hökmünüzü yeritməklə nəyi təsdiq eləməyə çalışırsınız və s. Açığı, pis sözlər də işlətdim…  

  Xatirə Hüseynova: - Əslində, qabiliyyət imtahanından belə nəticə gözlənilmirdi. Qabiliyyət imtahanından öncə orta bal indikindən yüksək olsa da, fakültəyə qəbul olan tələbələrdən yalnız 5-10 faizi jurnalist olmaq istəyirdi. Əksəriyyəti Hüquq fakültəsinə balı çatmayanlar olurdu. Fakültəmiz “cərimə batalyonu” kimi jurnalist olmaq istəməyən gənclərlə dolurdu. Qabiliyyət imtahanı isə gözləntilərimizi doğrultmadı.

  Akif Xansultanlı: - Orta məktəbi qurtaranın arzularına əngəl olmaqdır. İxtisas seçimi bir istəkdi. Kənddən gələnin şəhərdə elm mühitində 4 ilə necə dəyişəcəyinə bir imtahanla qiymət vermək anlamsızlıqdır.

  Cəlal Zəngiçay: Hörmətli Qulu müəllim, jurnalistikada qabiliyyət imtahanına heç bir ehtiyac yoxdur. Bəyəm yaxşı esse yazmaq jurnalistlik istedadının olmasına dəlalətmi edir?

  Gülnar Əsədli: Sizdən sonra fikir söyləmək bir qədər çətindir. Amma hər kəsə məlumdur ki, bu gün cəmiyyətdə qabiliyyətsiz jurnalistlər həddən ziyadədir və yaxşı yerlərdə də çalışırlar... Məlumdur ki, onlara necə deyərlər, gözün üstə qaşın var deyən də yox.. Yəni istedadı olmayanların jurnalistikada oxuması heç də məqsədəuyğun deyil, elə nə qədər az qəbul olsa, daha yaxşıdır, əlbəttə, istedadı olanlara yer vermək şərti ilə...
 
 Afət Yaqubova: - Müəllim, lazım deyil. Axı müasir jurnalistika daha rəhmətlik Famil Mehdi vaxtındakı kimi publisistika istəmir. Müasir jurnalistika data ilə işdir, təhlildir, savaddır.
  Rasim Abbasov: - Ədalətli keçirilsə düzgündür. Jurnalistin əla inşası, gözəl, səlist xətti, diksiyası, görkəmi və s. olmalıdır. Düzgün keçirilsə, 30-40 faiz tələbə keçə bilər.
 
 Səfəq Mehralıyeva: - ADA Universitetinin Kommunikasiya və Rəqəmsal media ixtisasına qabiliyyət imtahanı tələb olunmur. "Yaradıcı düşüncə" tərzinə gəldikdə isə, o, bütün ixtisaslara müasir dövrün iş bazarında lazımi qabiliyyətdir.

  İlqar Əlfioğlu: - Qulu, məncə ədalətli keçirilsə, vacibdir. Esse ilə cümlə qurmağı, fikrini izah etməyi yoxlayırlar. Onu test suallarıyla yoxlamaq mümkün deyil.
  
Xaləddin İbrahimli: - Bu məntiqlə bütün məsləklərdə qabiliyyət imtahanı verilməlidir...
  
Nərmin Mustafayeva: - Heç bir tərəfə faydası yoxdur. Əksinə, mənfi tərəfləri çoxdur. Qabiliyyət imtahanı olduğu üçün çox cüzi balla Jurnalistika fakültəsinə qəbul olmaq mümkündür. Nəticədə "kənarda qalmayım, jurnalistikada oxuyum" düşüncəsiylə seçim edənlər üstünlük təşkil edir.

  Almaz Ərgünəş Bəyazid: - Baxın, nə qədər səviyyəsiz jurnalistlər var. Adı cümlə qura, fikir bildirməyə çətinlik çəkirlər. Məncə, qabiliyyət qarşındakını tanımağa imkan verir. Onlarla dialoq qurmaq, söhbət etməklə müəyyən fikrə gəlmək olar. Bu, incəsənət sahəsində də çox vacibdir.

  Gültən Qədirli: - Amma nəsə olmalıdır.....yoxsa 250, 300, 400 bal gəlib jurnalist olur, bu düzdür?
  
Akif Rüstəmov: - Əvvəl qabiliyyət imtahanı olmalı, ya da ləğv olunmalıdır, özü də heç olmasa, iki turdan keçməlidirlər (əvvəllər 3 tur olurdu)

  Qalib Arif: - Hörmətli Qulu müəllim, mən düşunürəm ki, jurnalistikada qabiliyyət imtahanı nəinki lazımdır, hətta qaçılmazdır. Məsələn, mənim oğlum qəbul imtahanında az bal yıgmışdı, amma qabiliyyət imtahanından 5 aldı və Universitetə qəbul olundu. İndi də sənətini davam etdirir, video-blogerlik edir...
  
Səbinə İzzətli: - Gərəksizdir!

“Sherg.az” bu statusları, rəyləri tarixin yaddaşında qalsın deyə işıqlandırdı. Jurnalist ixtisasına qəbulda 10 il əvvəl tətbiq edilmiş qabiliyyət imtahanına “tamam”, yaxud “davam” söyləməksə yenə də mütəxəssislərdən, peşəkarlardan asılıdır.