Azərbaycan Dəmir Yolları bayram günlərində “qaz vurub, qazan doldurur”
Azərbaycan Dəmir Yolları bayram günlərində “qaz vurub qazan doldurur”. “Tələbat artıb” deyib bilet qiymətlərini kəllə-çarxa çıxarıblar. Tələbat artırsa və ADY də tutalım, reyslərin sayını artırırsa və o reyslərə də biletlər hamısı satılırsa, deməli, qazanc əldə edirlər. Etsinlər. Amma insaf da dinin yarısıdır. Bakı-Ağstafa və geriyə- Ağstafa-Bakı “sürət qatarı”na biletlərin qiyməti qalxıb. Ötən il 16 manata satılan biletlər hazırda 18 manat 40 qəpikdir. Sırf bayram günlərində isə qiymətlər 20-24 manat aralığındadı. SV biletinin qiyməti isə 146 manat 40 qəpikdir! Martın sonlarında insanların tətildən paytaxta qayıtmaq istəyini də “nəzərə alan” ADY həmin günlər üçün biletin qiymətini 18 manat edir. Hələ bu harasıdır?! ADY daha çox gəlir əldə etmək üçün, bilet qiymətlərinə oturacaqların vəziyyətinə görə də “dəyişkən tarif” tətbiq edir. Məsələn, qatarın hərəkət istiqamətində əyləşmək istəyən sərnişinlər üçün biletin qiymətinin üzərinə 5 faiz əlavə edilir. Yəni 18 manatlıq bilet 20 manata almalı olursan. Hərəkətin əks istiqamətində olan oturacaqlara biletin qiymətini isə endirirlər. Deməli, ADY sərnişinləri seçim qarşısında qoyur. Başının ağrımasını, qarşında, səninlə üzbəüz yad birisinin əyləşməsini istəmirsənsə, əlavə ödəniş etməlisən. Bu “yenilik” də son zamanlar tətbiq olunmağa başlayıb.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Bakı-Balakən qatarına fantastik bilet qiymətləri barədə yazıb:
Bakı-Balakən qatarına yalnız bir tərəfə biletin qiyməti:
SV - 96 manat
Kupe - 34 manat
5 il işləməyən Bakı-Balakən qatarının fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər diqqət cəlbedən olmuşdusa, indi təklif olunan qiymətlər də bir o qədər ağlasığmazdır! Görünür, ADY-də vəziyyət gərgindir. Adi vaxtlarda arada bu qatarın doluluq vəziyyətinə göz gəzdirirdim. Adətən 50 faizdən aşağı olurdu. Güman ki, əvvəlki dövrlərə nisbətən 4 dəfədən çox bahalaşan qiymətlər sərnişinlərə sərf eləmir. İndi də görünür ki, hökumətdən subsidiya ala bilməyən ADY adi günlərdəki boş gedişlərin əvəzini bayram günlərinə yükləyib. Fikrimcə, bu tip yanaşma sərgiləməkdənsə, hökumətdən subsidiya almaq uğrunda vuruşmaq daha ağlabatan olardı.
Qeyd edək ki, ADY-nin fəaliyyətindən narazı insanlar sosial şəbəkədə tənqidi fikirlərini paylaşıblar. Vətəndaşlar bildirir ki, qatar biletlərinin bahalığı insanları taksi və yol maşınlarına, “xalturşik” mini-avtobuslara minməyə məcbur edir.
Ruslan Bağırov: Taksi, yol maşınları, marşrut avtobuslar da buna baxıb əllərində bəhanə edib, qiyməti artıracaqlar, bu, həmişə belə olur. Bütün sahələrdə.
Afət Yetimova: Ona görə insanlar da, min bir əziyyətlə, başqa minik vasitələrindən istifadə edirlər. Sevinmişdik amma, 94 m çoxdur, rayon insanı üçün.
Amal Qafarzadə: 24 manatı normal saymaq olar, biznes üçün isə elə də fərqi yoxdur, 96 oldu ya 196…
Emin Hüseynov: - Ondansa , Abu-Dabiyə gedin.
Türkanə Əsədova: - 4 gün əvvəl Ağstafa-Bakı istiqaməti üzrə bilet aldıq, 2 biletə 326 manat ödədik, adı üstündə “biznes klass” imiş, amma o qədər də standartdan fərqli bir şey də yox idi. 171.20 və 154.90 manat biznes klass, 19.50 manat standart idi.
Qasım Şaliyev: - Biznes qiymətləri hər yerdə baha olur. Amma adi biletlərin 24 manat olması bahadır sözsüz. Daha əlçatan ola bilər, bəlkə də.
Həsənli Ruslan: - Həm də köhnə qatarları bərbad şəkildə restovrasiya ediblər. Marağa plaskart aldım Zaqatalaya, 18.20 qəpik, yuxarı yer. Plaskartda 3 nəfər var idi, ümumi vaqonda. Yuxarı yerləşmədim, keçdim aşağı, boş idi. Gecə saat 4-də oyatdılar ki, bəs boş qatarda aşağıda "yolçuluk" üçün əlavə (qəbzlə) 5.7 qəpik ödəməlisən.
Daşqın Paşa: - İctimai nəqliyyatı bərbad hala saldıqları kimi bunu da belə etmələri təəccüb doğurmur.
Sabir M-zadə: Abu-Dabi - Qəbələ aviareysi - 78 manat
Fuad Musayev: - Mən axşam (17 martdan 18 marta keçən gecə) standart+ ilə Balakəndən Bakıya gəldim, vaqonda cəmi 4 nəfər var idi. Amma qiymət 38 azn idi, mənim üçün yaranan sual odur ki, dinamik qiymətlər tətbiq olunur və Bakıdan Balakənə qatarların qiymətində artım müşahidə edilirsə, Balakəndən Bakıya boş gələn qatarın qiymətlərində niyə endirim müşahidə edilmir? Hə, yetimi öldür, amma haqqını ver, deyirlər el arasında, xidmət səviyyəsi, rahatlıq, təmizlik baxımından xeyli artım var, xüsusilə personalın keyfiyyəti yüksək səviyyədə idi. Lakin 5 il fasilədən sonra qiymətlərin iki dəfədən çox artmasına səbəb nədir, hələ də sual olaraq qalır. ADY nümayəndələrinin açıqlamaları isə son dərəcə şablon və bayağı cümlələrdən ibarətdir.
Seymur M. Quliyev: - Romaya gediş-gəliş təyyarə ilə 176 manatdır. Buradan-bura isə 2 qat baha. Qiymətləndirmədə Azərbaycan təcrübəsi. Bu, yeni modeldir.
Nurlan Mustafa: - Adı sürət qatarıdır, özünün sürətdən xəbəri yoxdu. Yumurtadan yun qırxmaq deyirlər buna.
Nəsib Əhmədov: - ADY, Azal və Xəzər Dəniz Gəmiçiliyi marketinq siyasəti zəifdir, NK və Tarif Şurası verdiyi məcburi dəyişməz qərarlarla bazarda monopolist mövqe sərgiləsə də (xidmət etdiyi əhaliyə hərdən bir şanslar yaratmalıdır) sonda hökumətdən subsidiyalar almağa məcbur qalacaq. Düzdür, işçilərinin göstərdiyi xidmət səviyyəsinə söz ola bilməz, baxmayaraq ki, işçi seçimi hansı meyarlar əsasında keçirilir, bilinmir.
Elman Telmanoğlu: - Bəs nə oldu, təzə vaxtı SV 74 AZN idi, nə tez qaldırdılar. "Wizz AİR" Avropaya 50 dollara uçur, Gürcüstandan amma ADY Bakıdan Balakənə fantastik qiymət təyin edir. Bunu Tarif Şurası qaldırır, ya ADY öz aləmindədir?
Anar Safar: - Abu-Dabidən Qəbələyə 78 manat!
Sübhan Padarsoy: - Biabırçılıqdır, heç bir mənası yoxdur, belə qiymətlərlə bu qatarın, yenə taksilər, “Vito”lar, ya da avtobus.
Yaqub Əliyev: - 14 manata avtobusla gedərik də, nə zülmdür axı...