Kənd sakini LİDERƏ yazır: “Siz daim xalqın yanındasınız”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Sabirabad rayonunun Xəlfəli kəndindən Yavər Şükürov Prezidentə məktubunda diqqətə çatdırır: 

 “Azərbaycan xalqının sevimli Prezidenti, cənab Ali Baş Komandan, bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasət sayəsində koronavirus bəlasının caynağından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik. Hər bir işinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımızı bildirirəm. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Siz daim xalqın yanındasınız. Bəzi şəxslər özlərini xalqa canıyanan kimi göstərməyə çalışsalar da, əslində, xalqımız onlardan heç vaxt bir xeyir görməyib. Sizi ona görə çox istəyirik ki, sözünüzlə əməliniz vəhdət təşkil edir. Fəaliyyətiniz əhalinin qayğı ilə əhatə olunmasında öz əksini tapır. Allah Sizi və ailənizi, bütün yaxınlarınızı qorusun. Biz Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq”.