Maskalanmış depressiya anaları uşaqlardan uzaqlaşdırır - Psixoloqdan həyəcan təbili

"Valideyn məsuliyyətsizliyinin kökündə gizli psixoloji xəstəliklər dayanır"

"Anasına nifrət edən oğul uşağına da laqeyd yanaşa bilər"

Dünyada ard-arda baş verən hadisələr müasir dövrün bəlasına çevrilən “valideyn məsuliyyətsizliyini” gündəmə gətirir. Məktəblərdə gənclər arasında baş verən cinayətlər, valideynlərin övladlarına göstərdiyi qayğı əskikliyindən qaynaqlanır. Statistika aparılsa, görərik ki, bəzi analar məktəbdən evə gələn övladının gününün necə keçdiyi, onun halı və əhvalı ilə maraqlanmır.

Məsələn Kahramanmaraş şəhərində məktəblərin birində faciəyə səbəb olan uşaq, günlərlə öz sosial hesabındakı profilində Amerikada 7 şagirdin həyatına son qoyan cinayətkarın fotosunu yerləşdirib. Valideynlər övladının psixoloji problemlərdən əziyyət çəkdiyini bildikləri halda, törətdiyi əməllərlə maraqlanmayıblar. Əfsuslar olsun ki, Azərbaycanda da vəziyyət acınacaqlıdır. Ötən ay Tovuzda ana və ata körpələrini kirayə qalmaq istədikləri qadının evində bir neçə saatlıq bəhanə ilə qoyaraq, bir daha geri qayıtmayıblar. Mayın 11-də Tərtərdə valideyn məsuliyyətsizliyindən 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb. Uşaq ölümlərinin arxasında absürd səbəblərin dayanması insanı dəhşətə gətirir.

Valideyn məsuliyyətsizliyinin artmasında əsas psixoloji və sosial səbəblər hansılardır?

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a bildirib ki, valideynlərin keçmişdə yaşadığı psixoloji çətinliklər onların gələcəkdə ana kimi formalaşmasına mane olur:

“Hazırda maskalanmış depressiya bir çox insanın psixoloji durumunda özünü göstərir. Doğuşdan sonra analar arasında depressiya halları geniş yayılıb. Ana davamlı kədər, maraqsızlıq, yorğunluq, özünü günahlandırma, yuxu və iştah pozuntuları yaşayır. Hətta onlar depressiv əlamətlərin fərqində belə olmurlar. Onun diaqnozunu bəzən həkimlər də təsbit etməkdə çətinlik çəkir. Çünki xəstəliyin maskalanmış növləri ciddi və həssas differensial diaqnostika tələb edir. Doğuşdan sonra depressiya yaşayan analar öz xəstəlikləri ilə mübarizə apardıqları üçün övladlarının durumunu dərk edə bilmirlər”.  

Psixoloqun sözlərinə görə, böyüklərdə diqqət dağınıqlığı, fikirlərin dolaşıq və qarışıq olması virus kimi insanların psixologiyasını əhatə edib:  

“Bir çox insan bunun ciddi psixoloji xəstəlik əlaməti olduğunun fərqində deyil. Valideynlərin məsuliyyətsiz davranışlarının altında bu səbəblər yatır. Onlar diqqətlərini cəmləməkdə çətinlik çəkir, düşüncələrini toparlaya bilmir və vacib məqamlarla ikinci dərəcəli məsələləri ayırd etməkdə problem yaşayırlar. Bütün bunlar uşaqlara qarşı laqeyd münasibətin formalaşmasına zəmin yaradır. Valideyn məsuliyyətsizliyinin arxa planında psixoloji amillərlə yanaşı, sosial problemlər də dayanır. Təəssüf ki, Azərbaycanda bir çox gənc ailə iqtisadi çətinliklər, işsizlik və ya qeyri-sabit iş şəraiti, ailə daxilində gərginlik kimi bir sıra problemlərlə üzləşir. Əvvəllər insanlar daha avam idi, başlarını aşağı salıb həyatlarını yaşayırdırlar. İnternetin yoxluğu onları başqa ölkələrdəki yeniliklərdən bixəbər edirdi”. 

E.Əkbər qeyd edib ki, hazırda hər bir gənc qız sosial platformalarda gördüklərini öz həyatında yaşamaq arzusuna qapılır: 

“İqtisadi çətinliklərdən əziyyət çəkən gənc oğlan, xanımının tələbləri altında əzilir. Bu da ailədaxili münaqişələri tətikləyir. Azərbaycanda dəyişməyən problemlərdən biri də anaların öz xüsusiyyətinə görə oğuluna gəlin seçməyə çalışmasıdır. Bəzən cütlüklər bir-birlərini tanımadan evləndirilir. Əgər oğlan həyat yoldaşına sevgi ilə bağlı deyilsə və onu tanımaq üçün müəyyən vaxt keçirməyibsə, anasına duyduğu nifrətə görə dünyaya gələn uşağa da laqeyd yanaşacaq. Gənc qız da həyat yoldaşını sevmədiyi üçün övladına qarşı biganə münasibət göstərir. Acı reallıq budur ki, sevgi ilə dünyaya gələn uşaqla sevgi olmadan böyüyən uşağın həyat yolu və taleyi bir-birindən köklü şəkildə fərqlənir. Buna görə də gənclər sağlam dəyərlər və qarşılıqlı sevgi üzərində ailə qurmalıdırlar”.