“Novruz öncəsi dörd çərşənbədən biri kimi qeyd olunan, “Su çərşənbəsi” xalq inancına görə yenilənmənin və həyatın başlanğıcını simvolizə edir. Novruz bayramından qabaq da, qədim türklərin “Su kultu” ilə bağlı inancları var idi. Su qədim dövrlərdən müqəddəs sayılır, ona and içilir və canlı olduğuna inanılırdı. Bu inanclar göstərir ki, Novruzdan əvvəl də qədim türklər su kultuna hər zaman böyük hörmət və ehtiramla yanaşıblar. Bu inanc “Kitabi Dədə Qorqud” dastanında da öz əksini tapır. Suya olan inama görə, “Su çərşənbəsi” gecəsi bütün sular təzələnir və yenilənir”.
Bu sözləri Sherg.az-a folklorşünas İlhamə Qəsəbova “Su çərşənbəsi”nin mahiyyətini izah edərkən bildirib. İ.Qəsəbovanın sözlərinə görə, əvvəllər insanlar yenilənmək naminə, səhər tezdən bulaq başına gedib, su götürərdilər:
“Təzələnmiş suyun üstündən keçib, ağırlıq və xəstəliklərini suya danışar və niyyət tutardılar. Bu mərasim yalnız gigiyenik baxımdan təmizlənmək anlamına gəlmir, həm də insanın mənəvi cəhətdən saflaşmasına, ruhən yenilənməsinə xidmət edir. “Su kultu” ilə bağlı insanlar arasında bir sıra qadağalar da mövcuddur. Xalq inanclarına görə, axar su müqəddəs sayıldığı üçün ona murdar bir şey tökmək, bəddua etmək, tüpürmək və ya çirkləndirmək olmaz. Suya hörmətsiz yanaşmaq ilahi başlanğıca qarşı günah hesab olunur. Ümumiyyətlə, qədim mifologiyada su kainatın ilkin ünsürü və həyatın əsas mənbəyi sayılır. Bəzi mifoloji təsəvvürlərdə kainatın ilkin olaraq sudan yaranması və suyun üzərində iki qara quşun yerləşməsi motivi əks olunur. Həmin kosmoqonik düşüncənin izləri xalq yaddaşında yaşayaraq, “Su çərşənbəsi” kimi mərasimlərin meydana çıxmasına zəmin yaratmışdır”. 
Folklorşünas, “Su çərşənbəsi”nin şəhər və rayon mühitində müxtəlif inanclarla qeyd olunduğunu bildirib:
“Qarabağ bölgəsində “su çiləmə” mərasimi var idi. İnsanlar bulağdan götürdüləri suyu bir-birinin üzərinə çiləyərək, ağırlıqdan və uğursuzluqdan qurtulduqlarına inanardılar. Bəzən saf suyu evin qapısının ağzına qoyardılar ki, ruzi-bərəkət gətirsin. Hətta eşiyin bünövrəsinin möhkəm və sağlam olması üçün axar sudan xırda daşlar götürüb, evin dörd küncünə qoyardılar. Bu inanclar Qarabağ, Borçalı, Qazax və Şirvan kimi bəzi bölgələrdə daha geniş yayılıb. Novruz öncəsi keçirilən dörd çərşənbə xalq dünyagörüşündə həyatın və təbiətin yenidən başlanmasının rəmzi kimi qəbul olunur. Təəssüf ki, hazırkı dövrdə “Su çərşənbəsi” artıq bu cür inanclarla qeyd olunmur”.
İ.Qəsəbova bildirib ki, bölgələrdə hər kəs öz dialektinə uyğun olaraq “Su çərşənbəsi”nə müxtəlif adlar verirlər:
“Bəzən, "Əzəl çərşənbə" "ilk çərşənbə" "müjdəçi çərşənbə" "xəbərçi çərşənbə" kimi adlarla tanınır. Təsəvvür edin ki, su həm yağış kimi göydən enir, həm də torpağın altından qaynayaraq üzə çıxır. Bu xüsusiyyət suyun dörd bir tərəfdən mövcudluğunu və həyatverici varlığını insanlara hiss etdirir. Su ilə bağlı qədim inanclar xalq yaddaşında bu gün də qorunmaqdadır. İnsanlar, uzaq səfərə və ya mühüm bir işə gedəndə, arxasınca su ataraq yolunun aydın, işinin isə uğurlu olmasını arzulayırlar. Hətta birinin üstünə su dağılanda, sevincli hadisənin olacağına inanırıq. Söhbət edərkən, kiminsə paklığını və saflığını ifadə etmək üçün onu "aydan arı sudan duru" kimi təsvir edirik. Xalqımızın mədəni yaddaşında su ilə bağlı kifayət qədər inanclarımız və rituallarımız var”.
Aybəniz Səfərova