“Uşaqların Roblox-a girişini tamamilə bloklamaq mümkündür” - PSİXOLOQ

  • Elmir Əkbər: “Şiddətə, aqressiyaya maraq göstərən və zorakı oyunlar hazırlayanlar az deyil”

12 yaşlı qızın paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində 20-ci mərtəbədən özünü ataraq intihar etməsi hadisəsi Baş Prokurorluq tərəfindən araşdırılır. Hadisə 2 gün əvvəl baş verib.

Baş Prokurorluğun məlumatına görə, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub. Hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsirinin yoxlanılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yaş məhdudiyyəti və qeydiyyat qaydalarını tənzimləyən qanunvericilik dəyişiklikləri qəbul edilib artıq. Yeni tənzimləmələrə görə, 16 yaşınadək uşaqların sosial şəbəkə platformalarında müstəqil fərdi hesab və ya qeydiyyat yaratması qadağandır. 16-18 yaş arası yeniyetmələr isə sosial şəbəkələrdə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə qeydiyyatdan keçə bilər. Qeydiyyat prosesində xüsusi yaşın yoxlanılması mexanizmləri tətbiq olunacaq. Bu dəyişikliklər uşaqların rəqəmsal məkanda zərərli məzmunlardan və mənfi təsirlərdən qorunmasına xidmət edir.

Baş vermiş hadisə ilə bağlı fikirlərini bildirən psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında qeyd etdi ki, uşaqların, yeniyetmələrin sosial şəbəkə və platformaların, onlayn oyunların zərərli təsirinə məruz qalır. İnternet məkanı, sosial şəbəkələr, müxtəlif platformalarda təqdim olunan məzmunlar, oyunlar uşaqların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilir. Valideynlər bunu ciddiyə almalıdırlar: 

- Valideynlərin uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi vacibdir. Kimsə deməsin ki, uşaq baxır, necə qarşısını alaq? Bu, tamamilə mümkündür. Nəzarət etmək, zərərli məzmunlara çıxışı bloklamaq olar. Elektron qurğularda təhlükəsizlik imkanları var, onlardan istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi mümkündür. Deyilənə görə, yeniyetmə Roblox oyununa aludə olub. Roblox istifadəçilərə öz fərdi oyunlarını yaratmaq imkanı da verir, həmçinin başqaları tərəfindən hazırlanmış minlərlə müxtəlif janrdakı 3D oyunlarını oynamaq, oyunlarda “iştirak etmək” imkanı da. Bu, qlobal onlayn oyun platformasıdır. Burda nə var, oyunlar, yarışlar, həm də qorxu, simulyator və fəaliyyət janrında saysız-hesabsız mini-oyunlar. Roblox Studio proqramı var, yeniyetmə çox da bilik, səriştə sərf etmədən bura daxil olub, oyun qura bilir. Sonra da bunu palaşırlar, başqalarını da cəlb edirlər. Platforma deyir ki, uşaqlar arasında ünsiyyət, dostluq yaranmasına kömək edir. Yaxşı, müsbət cəhətləri qabardırlar. Amma biz bilmirik axı uşaqlar bu platformada hansı oyunları oynayır, nəyə maraq göstərir. Şiddətə, aqressiyaya maraq göstərən, zorakı oyunlar tərtib edənlər az deyil. Buna valideynlər nəzarət etməlidir, erkən yaşlarda, əgər uşaq hələ yeniyetmədirsə, onun özünün seçimi yanlış ola bilər. Uşaq nəyi daha çox görürüsə, izləyirsə, o məzmuna maraq göstərir. Ona görə də ata-analar diqqət etməlidir ki, övladı zərərli məzmunlara daxil olmasın, bunun qarşısını alsınlar. Onlayn oyunlardan təhsil məsələlərində, yeni biliklər əldə etmək üçün istifad edilə bilər. Amma biz görürük ki, yüngül məzmunlu, yaşa uyğun olmayan, özündə heç bir məna, məntiq ifadə etməyən, bilik əldə olunmasına xidmət etməyən, yalnız zorakılıq, şiddət məzmunlu oyunlara, təhlükəli sosial təcrübələrə daha çox baxılır, giriş edilir. Bunu da deyək ki, Roblox-un özündə yaş məhdudiyyəti qoyula bilir. Orda "Təcrübə Təlimatları" bölməsi var və bu, valideynlərə uşağın yaşına uyğun olmayan oyunlara girişini tamamilə bloklamaq imkanı verir. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə Roblox rəsmən qadağan edilib, məhz təhlükələr nəzərə alınaraq.