
Sərhəd möhürlərindən Ağrı dağın təsviri çıxarılır -AÇIQLAMA
Bu qərar Ermənistanın həm daxili, həm də xarici siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər
Ermənistan hökuməti noyabrın 1-dən etibarən sərhəd möhürlərindən Ağrı dağın təsvirini çıxarmaq barədə qərar qəbul edib. Bu addımın texniki prosedur kimi görünməsinə baxmayaraq, geniş yayılmış rəmzin dövlət möhürlərindən çıxarılması uzun illər formalaşmış milli psixologiyanı dəyişdirmək istiqamətində ciddi siqnaldır.
Ermənistanın müxalif qüvvələri bu addımı milli rəmzlərdən imtina və “mirasa xəyanət” kimi dəyərləndirərək hökuməti tənqid edir. Lakin Paşinyan komandası real siyasi-iqtisadi maraqları ön plana çıxararaq daxili reaksiyaları balanslaşdırmağa çalışır.
Ekspertlərin fikrincə, Ermənistan hökumətinin bu qərarı Ankara ilə münasibətləri normallaşdırmaq məqsədi daşıyır. Türkiyə tərəfi uzun illər Ermənistanın dövlət atributlarında öz ərazisinə aid obyektlərin təsvirini ərazi iddiası kimi qiymətləndirib. Paşinyan administrasiyası bu məsələyə diqqət yetirərək regional reallıqlara uyğunlaşmaq, Zəngəzur dəhlizinə (TRIPP) alternativ yollar açmaq və iqtisadi əlaqələri genişləndirmək istəyir.
Qeyd edək ki, yeni möhür forması Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarında öz əksini tapıb. Qaydalar cari il noyabrın 1-dən qüvvəyə minəcək. Ermənistanın "Vətəndaş Müqaviləsi" parlament fraksiyasının katibi Artur Ovannisyan Ermənistanın yalnız öz dövlət rəmzləri ilə fəaliyyət göstərməli olduğunu bildirib. O qeyd edib ki, erməni xalqı emosionallıqdan azad olmalı, möhür və ya bəyanat olmasından asılı olmayaraq Almatı Bəyannaməsinin prinsipləri əsasında heç bir hərəkətimiz qonşu dövlətlərə təhlükəli siqnallar göndərməməlidir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə strateji tarazlığın təmin edilməsi üçün sərhəd möhürlərindən Ağrı dağın təsvirinin çıxarılmasının sülhə xidmət etdiyini vurğulayıb.
AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a açıqlamasında deyib ki, bu qərar Ermənistanın həm daxili, həm də xarici siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər:

"Ağrı dağı uzun illərdir Ermənistanın rəsmi sənədlərində, dövlət atributlarında və ideoloji təbliğatında simvol kimi istifadə olunurdu. Halbuki bu dağ Ermənistanın ərazisinə daxil deyil və Türkiyəyə məxsusdur. Ermənistanın bu təsviri dövlət möhürlərində saxlamaqda israr etməsi, əslində, qonşu dövlətlərə qarşı ərazi iddiasının simvolik ifadəsi idi.
Tarixi faktlar göstərir ki, məhz bu cür şovinist və təcavüzkar siyasət Ermənistanı dəfələrlə çıxılmaz vəziyyətə salıb. Azərbaycan ərazilərinə qarşı iddialar da bu siyasətin nəticəsi olaraq 30 ilə yaxın davam edən işğala səbəb olmuşdu. Lakin 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi və sonrakı proseslər bir daha göstərdi ki, Ermənistanın şovinist və təcavüzkar siyasəti heç bir nəticə vermir. Əksinə, ölkəni regional əməkdaşlıqdan təcrid edir, iqtisadi geriləməyə və siyasi böhranlara sürükləyir".
F.Ələkbərlinin fikrincə, Ermənistan bu bölgədə və dünyada varlığını qoruyub saxlamaq istəyirsə, ilk növbədə təcavüzkar və şovinist siyasətindən əl çəkməlidir:
"Xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş ərazi iddiaları Ermənistanı uçuruma doğru aparırdı. Ağrı dağının sərhəd möhürlərindən çıxarılması da bu baxımdan Ermənistan hökumətinin artıq reallıqla barışdığını göstərir. Nikol Paşinyan hakimiyyəti yaxşı anlayır ki, mövcud ərazilərini qoruyub saxlamaq və ölkənin dövlətçiliyini möhkəmləndirmək daha vacibdir, nəinki başqalarının ərazilərinə iddia irəli sürmək.
Əslində, Ermənistana məxsus 29,9 kvadrat kilometr ərazi belə mübahisəlidir. Belə olan halda başqa dövlətlərin torpaqlarına göz dikmək tamamilə mənasızdır. Çox istəyən, azdan da olar prinsipi Ermənistan üçün bir daha təsdiqlənib".
Alimin sözlərinə görə, Ermənistanın xarici siyasətində müsbət istiqamətdə müəyyən dəyişikliklər hiss olunsa da, hələ də ciddi uyğunsuzluqlar qalmaqdadır:
"Ölkə daxilində revanşist və şovinist qüvvələr, xaricdən isə əsasən Rusiyanın təzyiqləri hökumətin atdığı addımlara mane olur. Bu səbəbdən Ermənistanın siyasətində ikili kurs müşahidə edilir: bir tərəfdən Qərbə inteqrasiya, digər tərəfdən isə Rusiyanın təsirindən tam çıxmaq istəyi. Ermənistan ən geci 2026-cı ilə qədər bu ikili siyasəti aradan qaldırmalıdır. Əks halda, yenidən əvvəlki təcrid olunmuş vəziyyətinə geri qayıtmaq məcburiyyətində qalacaq. Bu isə ölkənin həm iqtisadi, həm də siyasi gələcəyini daha da qeyri-sabit edəcək.
Nəticə etibarilə, Ağrı dağının sərhəd möhürlərindən çıxarılması Ermənistanın daha rasional siyasətə keçid niyyətinin göstəricisidir. Əgər bu addım davamlı xarakter alsa, Ermənistanın regionda sülh və əməkdaşlıq mühitinə inteqrasiyasına real töhfə verə bilər".