Trampın impiçmenti baş tutmayacaq: Demokratlar məğlub olacaq

“Çünki  Tramp aktiv hərbi əməliyyatları, iqtisadi müharibə ilə əvəzləyib. Vaşinqtonun iqtisadi qalibiyyətinə nail olub”



ABŞ Prezidenti Donald Trampa qarşı impiçment proseduruna start verilib. Konqresin Nümayəndələr Palatasında demokratlar üstünlük təşkil etdiyi üçün qərarın qəbul ediləcəyi ehtimalı yüksək dəyərləndirilir.  

Məsələni “Şərq”ə analiz edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Trampa qarşı impiçmentin demokratlar tərəfindən həyata keçirilməsi siyasi təzyiqdir. Analitikə görə, Tramp ölkəsinin iqtisadi gücünü artıraraq, qlobal iqtisadi savaşda Vaşinqtonu şəriksiz lider edib: “Tramp aktiv hərbi əməliyyatları, iqtisadi müharibə ilə əvəzləyib. Vaşinqtonun iqtisadi qalibiyyətinə nail olub. Çin, Rusiya, İran və digər rəqabətli ölkələrə milyardlarla zərər vuraraq Vaşinqtonun qlobal müstəvidə mövqeyini gücləndirib. Bununla yanaşı, daxili inkişafı stimullaşdırıb, yeni iş yerlərinin açılmasına nail olub. Bu da Trampın növbəti qələbəsinə yol açır. Baş verənlər Demokrat Partiyası ilə Respublikaçılar arasında pərdəarxası konfliktdir. Bu da ötən əsrin “Utorogeyt” əhvalatı ətrafında baş verənləri xatırladır”.

Ekspertin fikrincə, Tramp ABŞ dövlətinin nüfuzuna zərrə qədər zərbə vurmayıb: 

“Onun fəaliyyəti yalnız iqtisadi münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi olub. İmpiçment prosesi baş tutmayacaq və demokratların siyasi gedişi onların növbəti seçkilərdə Respublikaçılara məğlub olmasına gətirib çıxaracaq”.