Ağ Ev Türkiyə ilə körpüləri yandırmaq istəmir - ŞƏRH

Ağ Ev anlayır ki, Ankara ilə münasibətlərin kəsilməsi Amerikaya zərbə vuracaq



ABŞ prezidenti Donald Tramp Senatın qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə veto hüququndan istifadə edib. Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus bildirib. Ortaqusun sözlərinə görə, Ağ Ev bu qərarla razılaşmayıb: “Soyqırım” məsələsində Administrasiyanın mövqeyi dəyişməyib”. 

Amerika prezidentinin qərarını “Şərq”ə təhlil edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Senatın dəfələrlə gündəmə gətirdiyi qondarma erməni soyqırımının arxasında bir çox motivlər dayanır. 



Araz Aslanlı: “Türkiyəyə arxa çevirmək bölgədə Amerikanın arzulamadığı mənzərə yarada bilər”


Analitikin sözlərinə görə, uydurma soyqırımın sonuncu dəfə gündəmə gətirilməsi Türkiyənin Rusiya ilə yaxın münasibətdə olması və S-400 raket sistemlərini alması ilə əlaqələndirilir: 

“Ancaq məsələnin kökü daha dərindir. Erməni soyqırımı yalanı təzyiq vasitəsi kimi uzun müddətdir Türkiyəyə qarşı istifadə olunur. Sadəcə, hər dəfə bir bəhanə ilə ortaya çıxarılır. Amerika erməni amilindən həm regionda istifadə edir, həm də Ankaraya təzyiq göstərərək Vaşinqtonun maraqlarına uyğun addım atılmasına nail olmağa çalışır”. 

A.Aslanlının fikrincə, Trampın qətnaməyə veto qoymasının ən əsas səbəblərindən biri ABŞ-Türkiyə arasındakı körpüləri tamamilə yandırmamaq istəyidir: 

“Ağ Evdəki ağıllı adamlar anlayırlar ki, Ankara ilə münasibətlərin kəsilməsi ilk növbədə Amerikaya zərbə vuracaq. Vaşinqtona görə, Türkiyəyə təzyiq göstərmək, müəyyən mənada sıxışdırmaq da olar, amma kəskin addım atmaq yolverilməzdir. Həm də Ağ Ev hesab edir ki, “erməni soyqırımı” məsələsini təzyiq vasitəsi olaraq, “yuxarıdan asılı qılınc” kimi saxlamaq lazımdır. Yəni, bu tilsimi qırmaq, “soyqırımı” oyununu birdəfəlik bitirmək istəmirlər. Həm də Yaxın Şərqdə gərgin vəziyyət yaranıb. Türkiyəyə arxa çevirmək bölgədə Amerikanın arzulamadığı mənzərə yarada bilər. İllərdir bu məsələ alver vasitəsi kimi istifadə olunsa da, Tramp hələlik bu alverə son verməyə tələsmir”.