Bunu yalnız özünün təşəbbüsü kimi qiymətləndirmək sadəlövhlük olardı”
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili fəal siyasətə qayıtdığını bəyan edib. Bu barədə o, özünün “Twitter” səhifəsində bildirib. Eks-prezidentin sözlərinə görə, “Gürcü Arzusu” avtoritarlığı seçməklə qırmızı xətti keçib: “Nə demokratiya, nə milli birlik, nə də Qərb yolu var. Fəal siyasətə qayıdıram. Dostlarım və gürcü xalqı ilə birgə Qərb seçimimizlə bağlı missiyamıza xidmət edəcəyəm”.
G.Marqvelaşvilinin yenidən siyasətə qayıdacağı ilə bağlı bəyanatı ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirilib. Bəzi siyasi şərhçilər hesab edir ki, sabiq prezidentin açıqlaması onun həqiqətən ölkənin durumu ilə bağlı narahatlıq keçirdiyini deməyə əsas verir. Lakin digər politoloqlara görə, Marqvelaşvili konkret siyasi dairənin təlimatını icra edir.
“Gürcüstanın Qərblə Rusiya arasında nüfuz savaşının getdiyi qaynar nöqtələrdən biri olduğunu nəzərə alsaq, deyə bilərik ki, sabiq lider bu savaşın tərkib hissəsi kimi yenidən siyasi səhnəyə qaytarılır”
Məlum bəyanatı və iddiaları “Şərq”ə təhlil edən Ağ Partiya sədri Tural Abbaslı deyib ki, hər hansı bir siyasətçinin siyasətdən getməsi və ya yenidən qayıtması təkcə özünün fərdi qərarı olmur. Partiya rəhbərinin qənaətincə, adətən burada kənar faktorlar da həlledici mövqedə durur:
“Eks-prezidentin yenidən siyasətə qayıtmasını yalnız özünün təşəbbüsü kimi qiymətləndirmək sadəlövhlük olardı. Heç kəsə sirr deyil ki, Gürcüstan Qərblə Rusiya arasında nüfuz savaşının getdiyi qaynar nöqtələrdən biridir. Odur ki, burada baş verən istənilən siyasi hadisəni bu kontekstdən analiz etmək lazımdır. Bunları nəzərə alaraq demək olar ki, eks-prezident bu savaşın tərkib hissəsi kimi yenidən siyasi səhnəyə qaytarılır. Bunu dolayısı ilə özü də öz mesajında açıq şəkildə bildirib. İstənilən halda bizə maraqlı olan Gürcüstanda kimin iqtidarda olmasından asılı olmayaraq bu dövlətin Azərbaycana və Gürcüstan ərazisindəki türklərə olan münasibətidir”.