“Hətta zaman-zaman hərbi təxribatlar törətməklə Moskva-Ankara münasibətlərini pozmağa yönəlik addımları da müşahidə edirik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Ağ Evin məlumatına görə, telefon danışığı zamanı Trampın Ərdoğana İdlibdəki humanitar fəlakətin qarşısını almaq səylərinə görə təşəkkür etdiyi bildirilib. Həmçinin, Tramp Vaşinqtonun Rusiyanın Əsəd rejiminə dəstəyinə son qoymaq istədiyini bildirib.
ABŞ lideri Moskvanın konfliktin siyasi həllinə səy göstərməli olduğunu söyləyib. Bu arada Amerika ordusuna məxsus 55 hərbi yük maşını İraqdan Suriyanın Hasekə əyaləti ərazisinə daxil olub. Məlumata görə, yük maşınlarında tank, hərbi texnika, mühəndis qurğuları və xeyli silah-sursat olub.
Amerikanın Suriya məsələsində yenidən fəallaşmasını “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Əsəd rejiminin Türkiyə silahlı qüvvələrinə hücum etməsindən sonra regionda baş verən proseslər fərqli istiqamətdə inkişaf etməyə başlayıb.
“Türkiyə ordusuna hücum digər NATO ölkələrinə təcavüz kimi qiymətləndirilir. Yəni Vaşinqtonun Ankara ilə əlaqə qurması bir az da məcburiyyətdən irəli gəlir”
Ekspert vurğulayıb ki, Türkiyə-ABŞ yaxınlaşmasını qarşılıqlı maraqlar kontekstində təbii qarşılamaq lazımdır:
“Türkiyə ordusuna edilən hücumda Əsəd rejimi ilə yanaşı Rusiya və İranın himayə etdiyi qüvvələrin də ciddi rolu var. O baxımdan regionda marağı olan ABŞ-ın öz müttəfiqi - Türkiyəyə dəstək çıxması normaldır. Vaşinqton Suriyada Türkiyə və Rusiya yaxınlaşmasından ciddi narahatlıq duyur. Hətta zaman-zaman hərbi təxribatlar törətməklə Moskva-Ankara münasibətlərini pozmağa yönəlik addımları da müşahidə edirik. Əlbəttə, bunun arxasında ABŞ-ın geosiyasi maraqları durur. Nəzərə alaq ki, Amerika Suriya prosesində siyasi çözümə nail olmaq üçün yaradılmış Astana prosesindən kənarda saxlanmışdı. Ona görə də Amerika yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır. Həm də Türkiyə NATO üzrə ABŞ-ın hərbi müttəfiqidir. Hərbi alyansın 5-ci maddəsinə uyğun olaraq Türkiyə ordusuna hücum digər NATO ölkələrinə təcavüz kimi qiymətləndirilir. Yəni Vaşinqtonun Ankara ilə əlaqə qurması bir az da məcburiyyətdən irəli gəlir”.
Analitikin sözlərinə görə, ABŞ istənilən halda Suriyadakı proseslərə siyasi oyunçu kimi yenidən müdaxilə etmək niyyətindədir:
“Lakin silah dolu yük maşınlarının Suriyaya göndərilməsi İdlib məsələsi ilə bağlı deyil. ABŞ İdlib mübarizəsində hərbi cəhətdən Türkiyəyə dəstək verməyəcək. Bu yöndə rəsmi Vaşinqtonun açıqlaması yoxdur. Amerikanın hərbi texnikanı İraqdan Suriyaya daşıması daha çox PKK-nın siyasi qolu olan PYD və YPG terrorçuları ilə bağlıdır. ABŞ-ın sözügedən terrorçu qüvvələrə silah-sursat yardımı etdiyi hamıya məlumdur. Məqsəd isə Amerikanın nəzarət etdiyi enerji yataqlarını məhz terrorçu ünsürlərin yardımı ilə müdafiə etməkdir”.