Beyrutdakı partlayışın səbəbini hakimiyyət bilir

Məqsəd limandakı qanunsuz silah-sursat saxlanmasını ört-basdır etməkdir

Livanın paytaxtı Beyrutda, liman ərazisində güclü partlayış baş verib. Partlayışdan sonra səmaya qırmızı tüstü qatı yayılıb. Qırmızı Xaç Komitəsinin Livan ofisinin rəhbəri partlayışda 3000-ə yaxın adamın yaralandığını, yüzlərlə insanın öldüyünü bildirib. Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim partlayışın pirotexniki vasitələrdən qaynaqlanması versiyasını rədd edib. O bildirib ki, partlayış uzun müddət ərazidə saxlanılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Beyrutun qubernatoru Marvan Abbud partlayış nəticəsində şəhərin təxminən yarısının zərər gördüyünü bildirib. O, bu partlayışı 1945-ci ildə Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə endirilən nüvə zərbəsi ilə müqayisə edib: “Baş verənlər Naqasaki və Xirosimada olanların oxşarı idi”. 

Livan Səhiyyə Nazirliyi partlayış nəticəsində yaralananlara tibbi yardım üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Qətərə müraciət edib. Baş nazir Həsən Diyab dəhşətli faciədən sonra paytaxtda 2 həftə ərzində fövqəladə vəziyyətin elan edilməsinin qaçılmaz olduğunu bildirib. Beyrutdakı partlayış erməni diasporuna - məhəllələrə, kilsələrə və ticarət obyektlərinə, o cümlədən Ermənistan səfirliyinə ciddi ziyan vurub. Ölü və yaralılar arasında ermənilər var. Onlardan biri də “Kataib” partiyasının erməni əsilli sədri Nizar Nacaryandır. Şəhərdə 100 minə yaxın erməninin yaşadığı məlumdur. Xatırladaq ki, Beyrut erməni diasporunun mərkəzlərindən biri sayılır. ASALA terror təşkilatı məhz Beyrutda yaranmışdı. 

Türkiyənin tanınmış terror və təhlükəsizlik eksperti Abdullah Ağar şiddətli partlayışla bağlı sensasiyalı iddia irəli sürüb. Ağar partlayışın baş verdiyi ərazinin İran dəstəkli “Hizbullah”a aid olduğunu bildirib:

“Sahədən aldığım məlumat budur. Partlayış “Hizbullah”a aid bir partlayıcı silah istehsalı mərkəzidir. Ya ölkə daxilindən, ya da ölkə xaricindən vurulduğu ehtimal olunur”. Beyrutda baş vermiş partlayış zamanı heç bir azərbaycanlı xəsarət almayıb. 
Ekspertlərin fikrincə, Livanda kifayət qədər silahlı qruplar var və daim bir-birləri ilə mübarizə aparırlar. Bundan əlavə bölgənin müxtəlif dövlətlərinin Livanda kəsişən maraqları var. Ona görə də Beyrutdakı partlayışı istənilən qruplaşma həyata keçirə bilər. 

Güclü partlayışın səbəblərini “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, bu miqyasda partlayışın hər hansı partlayıcı tərkibli kimyəvi maddənin alışması və ya liman işçilərinin səhlənkarlığı səbəbindən baş verməsi inandırıcı görünmür. Analitikin sözlərinə görə, Livan hökuməti tərəfindən irəli sürülən versiyalar şübhəlidir:

“Bundan əvvəl təhlükəsizlik şefi Abbas İbrahim limanda, guya, müsadirə  olunmuş silahların saxlandığını bildirmişdi. Görüntülərdən və tüstüdən aydın olur ki, yanğınla müşayiət olunan partlayış çox güclü təkanla baş verib.

Deməli, hadisə yerində hansısa partlayıcı qurğunun işə salınması ehtimalı böyükdür. Çox güman ki, limanda cəmlənmiş silahlar partlayışa səbəb olub.

Livan prezidentinin tələsik bəyanatı və hadisəni səhlənkarlıq kimi qiymətləndirməsi, Limanda silah anbarlarının movcudluğunu unutdurmaq məqsədi daşıyır. Partlayışın səbəbi Livan rəhbərliyinə məlumdur. Məqsəd limandakı qanunsuz silah-sursat saxlanmasını ört-basdır etməkdir.

Partlayışı kimin törətməsindən asılı olmayaraq, Livan hakimiyyəti bu məsələdə məsuliyyət daşıyır. Beynəlxalq xarakterli limanlarda silah anbarlarının tikilməsi və saxlanılması ciddi qanun pozuntusudur”.