“Zelenski Krımı qaytaracağına ümid edir” – Yeni siyasi palitrada Kremlin ”fırça”sı işləməyəcək


“Zelenskinin indiki məqamda belə bir bəyanat səsləndirməsi təsadüfi deyil”

 “O, pandemiya bitəndən sonra yeni ictimai münasibətlərin, yeni güc mərkəzlərinin meydana çıxacağını yaxşı bilir”

“Rusiya ya başa düşəcək, ya da onu başa salacaqlar ki, işğalı çox uzatmaq olmaz, torpaqlar əvvəl-axır sahiblərinə qaytarılmalıdır”


Ukrayna prezidenti Vladimir Zelenski Krımı Rusiyadan geri alacaqlarını deyib. 
O, keçmiş Ukrayna hökumətinin 2014-cü ildə Kırımın işğalına göz yummasını tənqid edib:
"Krım işğal edilir, ancaq buna etiraz edəcək ciddi bir platforma tapa bilmirsiniz. Kırımı geri alacağıq. Bunun üçün hər şeyi edəcəm. Çünki bura bizim torpağımızdır".  Zeleniski, Rusiya prezidenti Vladimir Putin ilə dialoq qurmaqdan qorxmadığını bildirib.

Görünür, dünyadakı yeganə münaqişə ocağı heç də Dağlıq Qarabağ deyil. Siyasi palitra isə olduqca qarışıqdır. 
Zelinskinin koronavirusun göz açmağa imkan vermədiyi indiki məqamda belə bir fikir səsləndirməyi isə, ümumiyyətlə, maraqlı və təəccüblüdür. Çünki bu, açıq-aydın Rusiyaya meydan oxumaq deməkdir. 

 BDU-nun professoru, politoloq Əlimusa İbrahimov məsələ barədə “Sherg.az”a danışarkən bildirib ki, bu, mümkün olsa da, indiki halda xeyli çətindir: 

“Keçmiş Sovet məkanında işğal edilmiş, mübahisəli ərazilər çoxdur. Məsələn, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya, Krım...Təbii ki, müvafiq olaraq nə Azərbaycan, nə Gürcüstan, nə də Ukrayna bu məsələ ilə barışır. Əksinə, tarixi torpaqlarının azadlığı uğrunda mübarizə aparır, müntəzəm olaraq bəyanatlar verir. Düzdür, beynəlxalq təşkilatlar da işğal faktını qəbul etmir.

Amma nə qədər ki, Rusiya dünyanın liderlərindən biridir və nə qədər ki, beynəlxalq hüquqa əhəmiyyət vermir, həmin torpaqların azadlığı müşkül məsələdir. Vaxtı ilə  Rusiya Avropa Birliyinə istiqamətlənmiş ölkələrin qarşısını almaq məqsədilə bu addımı atmışdı. Çünki NATO problemli ölkələrlə əməkdaşlıq istəmir”.

Ə. İbrahimovun fikrincə, Zelenskinin indiki məqamda belə bir bəyanat səsləndirməsi təsadüfi deyil:

 “O, pandemiya bitəndən sonra yeni ictimai münasibətlərin, yeni güc mərkəzlərinin meydana çıxacağını yaxşı bilir. Beləliklə, Rusiya ya başa düşəcək, ya da onu başa salacaqlar ki, işğalı çox uzatmaq olmaz, torpaqlar əvvəl-axır sahiblərinə qaytarılmalıdır.

Üstəgəl, Zelenski Rusiyanın müxtəlif yerlərdəki, o cümlədən Azərbaycan, Ukrayna, Suriya və Livandakı münaqişə ocaqlarını uzun müddət nəzarətdə saxlaya bilməyəcəyinə ümid edir.

Çünki Moskva yorulur, gücü zəifləyir. Fikir verirsinizsə, bəzən bilərəkdən Rusiyanı münaqişənin ortasına çəkirlər. Bu da birbaşa olaraq onu zəiflətməyə, ambisiyasından əl çəkməyə yönəlib.

Ukrayna prezidenti öz hakimiyəti illərində Krımı qaytara biləcəyinə ümid edir. Biz də arzulayaq ki, nəinki Krım, eləcə də Dağlıq Qarabağa Cənubi Osetiya və Abxaziya da yaxın zamanda tarixi sahiblərinə qayıdacaq”.