“Pəncə-İldırım” əməliyyatı:“Bu, terrorçulara və qlobal güclərə mesajdır”

Türkiyənin müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri  ilə “Pəncə-İldırım” əməliyyatının icra mərkəzindəki vəziyyətlə yerində tanış olmaq üçün İraq sərhəddinə gəlib. Hulusi Akarla yanaşı Türk Silahlı Qüvvələrinin daha bir neçə yüksək rütbəli zabiti Hakkarinin Yüksəkova bölgəsindəki 3-cü Piyada Tümən Komandanlığında olub. H.Akara İraqın cənubunda terror qruplaşmasına yönəlik, Avaşin-Basyan bölgəsində keçirilən “Pəncə-İldırım” anti-terror əməliyyatının gedişi ilə bağlı məlumat verilib.


 
Türkiyəli ehtiyatda olan general Yücel Karauz əməliyyatlar barədə “Sherg.az”a danışdı:   

“Məqsəd İraqın şimalında yaradılan dəhlizi dağıtmaq, oradakı terrorçuları zərərsizləşdirmək və separatçıları sərhədlərdən uzaqlaşdırmaqdır. Bunun üçün 6 bölgədə əvvəlcə hərbi hava qüvvələri hücuma keçdilər. 

Ardınca isə peşəkar zabitlərin rəhbərliyi ilə xüsusi təyinatlı qoşunlar anti-terror əməliyyatına başladılar. Bu, Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsinin qətiliyini göstərir. 

Onu da deyim ki, əməliyyatların aprelin 24-də- ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıdığı gün başlaması Türkiyənin həm terrorçulara, həm də qlobal güclərə mesajıdır. Allah türk əsgərinin köməyi olsun!”.