Aktiv danışıqlar: Ukrayna Rusiyanın “caynağından” xilas olacaqmı? – ŞƏRH 

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Tərəflər Ukraynanın cənub- şərqində gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər. Dövlət başçıları iki ölkə arasında “Normandiya formatı”na uyğun əməkdaşlıq qərarını təsdiqləyiblər. İndi əsas məsələ rəsmi Kiyevin ərazi bütövlüyünün necə bərpa olunmasıdır- hərblə, yoxsa sülhlə?




Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmov bu barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Bir çoxları kimi mən də tərəflər arasında genişmiqyaslı müharibənin başlanacağını düşünmürəm. Çünki belə olsa, bir çox Qərb ölkələri, o cümlədən ABŞ Moskvaya qarşı passiv və ya aktiv şəkildə mübarizəyə qoşulacaq.

Bunu yaxşı bilən Kreml riskə getməz. ABŞ gəmiləri Qara dənizə gələndə Rusiya hərbi qüvvələri Ukrayna ilə sərhədə yığıldı. Sonradan məlum oldu ki, ABŞ manevr edirmiş. Beləliklə, Rusiyaya xeyli iqtisadi ziyan dəydi. Deməli, Qərbin əsas məqsədi Rusiyanı maddi itkilərlə çökdürməkdir”.

 H.Rüstəmovun fikrincə, məsələ dinc yolla qaydasına düşəcək: 

“İndi aktiv danışıqlar mərhələsi başlanıb. Bu, onu deməyə əsas verir ki, məsələ siyasi yolla həll olunmağa doğru gedir. Ukrayna Rusiyanın “caynağından” xilas olacaq və Qərbə doğru yaxınlaşacaq.
Ümumiyyətlə, dünyadakı siyasi proseslər Rusiyanın “küncə sıxışdırılmasına” doğru gedir”.