“Türkiyə Baydenlə yox, ABŞ-la müttəfiqdir”

“Və NATO-nun üzvü olan Bayden deyil, ABŞ dövlətidir”


ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ilə bağlı bəyanatı ABŞ və Türkiyə arasındakı hərbi əlaqələrə təsir göstərməməlidir. Bu sözləri jurnalistlər üçün keçirilən brifinqdə Pentaqonun mətbuat katibi Con Kirbi deyib. C.Kirbi qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyə ilə hərbi münasibətlərdə hər hansı bir dəyişikliyin olmasını gözləmir.
“Türkiyə bizim NATO-dakı müttəfiqimizdir” - C.Kirbi vurğulayıb.



 Prezidentlə Pentaqon rəsmisinin açıqlamaları arasındakı ziddiyət diqqət çəkir. Politoloq Sədrəddin Soltan isə “Sherg.az”a açıqlamasında burada təəccüblü məqamın olmadığını dedi: 

“Sözügedən bəyanat ABŞ-la Türkiyənin NATO daxilindəki əməkdaşlığına təsir göstərməməlidir. Çünki hüquqi əsas daşımır. Həmin açıqlama sadəcə ermənilərin “başını sığallamaq” və seçkiqabağı vədini yerinə yetirmək üçündür.

Bu, Baydenin şəxsi fikridir və ABŞ dövlətinin “erməni soyqırımını” tanıması kimi başa düşülməməlidir.

Nəzərə almaq lazımdır ki, Türkiyə Baydenlə yox, ABŞ-la müttəfiqdir. Və NATO-nun üzvü olan Bayden deyil, ABŞ dövlətidir”.