Rusiya geri addım atmayacaq

Putinlə Zelenski arasında görüşün nəticəsi olmayacaq

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşləri olacaq. O qeyd edib ki, öz ofisinə V.Putinlə görüşü təşkil etmək üçün Rusiya Prezident Administrasiyası ilə əlaqə saxlamağı tapşırıb. V.Zelenski deyib ki, görüşün keçiriləcəyi yer onun üçün vacib deyil. Bu gün hər kəsi maraqlandıran əsas məqam Putin ilə Zelenski arasında baş tutacaq görüşün nəticələridir.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, bu, görüşün elə ciddi bir nəticəsi olmayacaq. O qeyd edib ki, çünki Rusiya real güc görmədikcə, heç bir geri addım atan deyil:

"Hesab edirəm ki, bu görüşdə hansısa ciddi nəticələr olmayacaq. Hər iki tərəf də öz dediklərində qalacaq. Bir faktı qeyd edim ki, Rusiya real güc görmədiyi təqdirdə heç bir geri çəkilmələr olmayacaq. Təbii ki, real gücü də ABŞ göstərməlidir. Çünki Ukrayna təkbaşına Rusiya ilə üz-üzə qala bilməz".

Ə.Məmmədli hesab edir ki, Amerika yalnız söz də deyil, realda Ukraynanın arxasında olarsa, o zaman hərbi əməliyyatlarda Ukrayna uğur qazana bilər:

"Əgər Amerika dəstək olarsa, o zaman Ukrayna Donbassda hərbi əməliyyatlara risk edəcək. Təbii ki, fikrimcə, bu, əməliyyatlarda Ukrayna uğur əldə edəcək. Çünki separatçıları əzmək Ukrayna ordusu üçün böyük problem təşkil etmir. Amma Rusiyanın qarşısını almaq onun üçün əsas əngəldir. Bu məsələ də Amerikanın dəstəyindən asılıdır. Ancaq fikrimcə, ABŞ ona dəstək verməyəcək. Ukraynanın yalnız ümidi Türkiyə, Türkiyənin müasir silahlarına qalıb. Ümumiyyətlə, belə münaqişələr danışıqlarla olmur. Bunların bir həlli var, o da güc yoludur. Əks halda mövcud vəziyyət elə əvvəlki kimi də qalacaq".