Zərifin səs yazısı mətbuata necə sızdırılıb? – Rusiya izi...

 “ABŞ  prezidenti Cozef Baydenin təşəbbüsü ilə başlanmış İran- Amerika danışıqlarının keçirildiyi bir vaxtda İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin mətbuata sızmış səs yazısı sensasiya kimi qiymətləndirilə bilər”. 

Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, burada Zərif Rusiyanı 2015-ci ildə P5+1 ölkələri ilə İran arasında bağlanan nüvə sazişinə Rusiyanın mane olmaq cəhdləri haqqında məlumat verir:

“Deməli, Rusiya bu vaxtadək iddia etdiyi kimi,  İranın nüvə probleminin dinc yolla həll edilməsinin tərəfdarı deyil, regionda bu sahədə gərginliyin daha da artırılmasının tərəfdarı imiş. Məhəmməd Cavad Zərif kimi dünyaca tanınmış və bacarıqlı bir diplomatın söylədiklərinə inanmamaq düzgün olmazdı. Elə isə Rusiya, həqiqətən, nüvə sahəsində bağlanmış müqaviləyə qarşı çıxmaqla İrana qarşı Amerika və İsraillə eyni sırada dayanır? Yaxud Rusiyanın bu müqaviləyə qarşı çıxmasının motivləri nədir?  ABŞ-ın keçmiş prezidenti Donald Trampın İranla bağlanan nüvə sazişinə qarşı çıxmasının səbəbləri məlumdur. O hesab edirdi ki, nüvə sazişinin imzalanması İranın nüvə sahəsindəki tədqiqatlarının qısa müddətə ara verməsi ilə nəticələnəcək. Nüvə sahəsində tədqiqatların dayandırılması İran iqtisadiyyatında və hərbi sənayesinin digər sahələrində ciddi uğur qazanmaq üçün şərait yaratdı. İnsansız uçuş aparatları, yaxın, uzaq mənzilli ballistik raketlər sahəsində əldə olunan son nailiyyətlər bu dövlətlərin narahatlığına səbəb yaradan amillərdəndir. Sanksiyaların aradan qaldırılması eyni zamanda İran tərəfindən  Amerikanıncregiondakı nüfuz dairəsinə daha ciddi müdaxiləyə gətirib çıxardı. Bir sözlə, Tramp dönəmindəki Amerika İran iqtisadiyyatı və hərbi sənayesinin inkişafının qarşısını alan bir düstur tapmaq istəyirdilər. Onlar bunu Amerikanın qeyd olunan Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA ) çıxmaq və sanksiyaları yeni qüvvə ilə tətbiq etməkdə görürdülər. Təsadüfi deyil ki, Amerikanın o dönəmdəki Dövlət Katibinin İrana qarşı irəli sürdüyü tələblər içərisində vur – tut üç tələb nüvə məsələsi ilə bağlı idi. Qalan tələblər hamısı müxtəlif sahələri əhatə edirdi və İranın bu tələbləri yerinə yetirməsi onun regionun ən zəif ölkəsi səviyyəsinə gətirib çıxara bilərdi. İran bu tələblərə razılıq verə bilməzdi. Vermədi də”. 



 Professor, həmçinin Kremlin sözügedən müqavilənin imzalanmasına qarşı çıxmasının səbəblərini də izah etdi: 

“Məlum olduğu kimi, Rusiya şirkətləri İran nüvə proqramı ilə ciddi surətdə bağlıdır. Nüvə müqaviləsi tədqiqatların dayandırılması ilə nəticələnəkdi. Rusiya şirkətləri İrandan asılı olmayan səbəblərdən ötrü ölkədən çıxarılacaq, milyardlarla dollarlıq müqaviləyə xitam veriləcəkdi. Digər səbəb kimi, sanksiyalardan azad olan İran iqtisadiyyatının qısa müddətdə inkişaf edərək Rusiyadan asılılıqdan qurtarmasını göstərmək olar. Rusiya güclü iqtisadiyyata malik İrandan xammal bazası kimi istifadə edə bilməyəcəkdi.

İran inkişaf etdikcə onun qonşu ölkələrdə-Suriya, İraq, Liviya, Livan, Əfqanıstanda fəaliyyəti güclənəcək və Rusiya qarşısında daha güclü müttəfiq kimi təmsil olunacaqdı. Nüvə sazişinin imzalanması İranın neft və qaz sənayesini daha da inkişaf etdirəcək və Rusiyanın bu bazarda yerini daha da sıxışdıracaqdı. Müqavilə İranın Qərblə münasibətlərinin inkişaf etdirilməsinə səbəb olacaq və bu sahədə Rusiyanın nüfuzunu aşağı salacaqdı”. 

 Politoloqun sözlərinə görə, Tehranla Moskva arasındakı münasibətlər heç də göründüyü kimi deyil:

“İran-Rusiya münasibətləri beynəlxalq münasibətlərdə hesab olunduğu kim heç də “hamar” deyil. Rusiya  bütün vasitələrlə Məhəmməd Cavad Zərifin iddialarının həqiqətdən uzaq olduğunu sübut etməyə çalışır və deyilənlərin əksini bəyan edir. Çünki bu iddia onların həm də Trampla yaxın olduğunu sübut edən bir iddiadır. Bu iddia təsdiqini taparsa, ruslara qarşı İranın və region ölkələrinin etibarı azalacaq və bu qədər həlledici bir zamanda Rusiya etibarlı dayaqlarını itirəcək.

Qarşıda duran İran-Amerika danışıqlarının necə çətin keçəcəyini başa düşən Zərif Rusiyanı neytrallaşdırmaqla danışıqlarda iştirak edən İran tərəfinin vəziyyətini yüngülləşdirmək istəyir. Eyni zamanda qarşılıqlı  münasibətlərdə Rusiyanın heç də özünü təqdim etdiyi kimi məsum olmadığını diqqətə çatdırır”.