Qırğızıstan və Tacikistan arasında münaqişə:“Problemini yaxın müddətdə həll etmək...”

Qırğızıstan və Tacikistan arasında arasında gərginlik səngimək bilmir. Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə Tacikistanın XİN-in başçısı Sirocaddin Muhriddin arasında telefon danışığı olub. Tərəflər sərhədyanı münaqişəni danışıqlar yolu ilə həll etməyin vacibliyini vurğulayıblar. Münaqişə ocağının söndüyü deyilir. Ancaq problem həll olunmadığından münaqişənin yenidən baş qaldıracağı ehtimalı qalır. “Tacikistan ona aid olan torpaqlardan heç vaxt geri çəkilməyəcək”, - bunu Sirocaddin Muhriddin qırğız həmkarı ilə telefon danışığından sonra bildirib. Tərəflər problemin həlli ilə bağlı işçi qrupun yaradılmasını razılaşdırıblar. 


Xatırladaq ki, aprelin 28-də axşam saatlarında Isfara çayının yuxarı axınında yerləşən “Qolovnoy” supaylayıcı məntəqəsindəki sahədə sərhəddə sakinlər arasında daşatma ilə müşayiət olunan münaqişə baş verib. Aprelin 29-da isə sərhədçilər bir-birinə atəş açıb. Qırğızıstan tərəfi 13 vətəndaşının öldüyünü, 100-dək sakinin yaralandığını qarşı tərəf isə 3 tacikistanlının öldüyünü, 31 sakinin yaralandığnı bildirib.

Qırğızıstanın Leylək rayonu ərazisində yerləşən İnternatsional kənd sovetinin məclis sədri Tacikistan vətəndaşları tərəfindən girov götürülüb. Qırğızıstanın Batken bölgəsi başçısının müavini Marufxan Tulayev isə açıqlamasında bildirib ki, aprelin 30-da Tacikistan silahlı qüvvələri Batken bölgəsinin Qızıl-Bel kəndinə hücum edib:

“Təxminən 20 dəqiqə əvvəl Tacikistan hərbçiləri Qırğızıstan ərazisində yerləşən kəndi qumbaraatanlardan atəşə tutub. Hazırda insidentin baş verdiyi ərazidə araşdırma aparılır”.



İki ölkə arasındakı konflikti “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, əslində Qırğızıstan və Tacikistan arasında münaqişə uzun illərdir davam edir:

“Əsas səbəb isə odur ki, iki ölkə arasında ərazi və yaxud sərhədyanı mübahisələr həll olunmamış qalıb. Sovetlər dönəmində iki ölkə arasında mürəkkəb sərhədlər müəyyən olunub. Hətta anklavlar da var. Ona görə məsələ bu günə kimi həll olunmamış qalır. Çünki ortada mürəkkəb sərhədlər var. Hətta bunu Azərbaycanla Ermənistan arasındakı sərhədlərə bənzətmək olar. Bəzi hallarda bu ölkələrin dövlət sərhədləri yaşayış məntəqələrinin ortası ilə keçir. Yəni bir yaşayış məntəqəsi iki yerə parçalanır.

Ona görə də sərhəd problemini yaxın müddətdə həll etmək mümkün olmayacaq. Lakin hadisələr belə cərəyan edir ki, sərhəd bölgəsində gərginlik var, amma ikitərəfli komissiya işləyir. Baş nazirlərin müavinləri bu komissiyalara rəhbərlik edir və danışıqlar gedir. Hətta Qırğıstan prezidenti “Twitter” səhifəsində yazıb ki, Tacik xalqı bizim qardaşlarımızdır”.

Politoloqun sözlərinə görə, yaxın müddətdə gərginliyi azaltmaq olacaq. Amma problemin həlli köklü sürətdə gözlənilmir:

“Çünki iki ölkə arasındakı maraqlar fərqlidir, xüsusilə bir tərəf digər tərəfin su resurlarına göz dikib. Mövcud zonada su resursları qıtlıq təşkil edir. Yaranmış problemlər əsasən su resursları ilə bağlıdır. Fikrimcə, bu problemi yaxın müddətdə həll etmək mümkün olmayacaq”.