Siyasi müharibə: “Türkiyənin erməni məsələsində itirəcəyi heç nə qalmadı”

“Qüvvələr ancaq Qarabağa görə təzminat davalarına cəmləşməlidir”

"Azərbaycana Qarabağda erməni vandallarının törətdikləri soyqırımı, dağıntılar, vurulmuş maddi və mənəvi təzminat, tarixi abidələrin məhv edilməsinə görə beynəlxalq məhkəmələrə müraciət etməlidir”


ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanımasının üzərindən bir müddət keçməsinə rəğmən, beynəlxalq aləmdə baş verənlər onu deməyə əsas verir ki, həmin açıqlamanın siyasi nəticələri uzun müddət davam edəcək. Yəni “Bu xəmir hələ çox su aparacaq”.  
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da belə düşünür. O,  “Sherg.az”a açıqlamasında bəyanatın siyasi nəticələrinin aradan qaldırılmasının yollarından danışdı:

 “Bu ifadə erməni lobbisinin Türkiyəyə qarşı təzminat və torpaq tələb etməsi üçün hərəkətə keçməsinə zəmin yaradacaq. Artıq bunun qarşısını almaq Azərbaycana düşdü.

Təcili şəkildə Qarabağda erməni vandallarının törətdikləri soyqırım, dağıntılar, vurulmuş maddi və mənəvi təzminat, tarixi abidələrin məhv edilməsinə görə dövlət beynəlxalq məhkəmələrə müraciət etməlidir.

  Bununla yanaşı, mülki əhalinin də kütləvi  şəkildə təzminat davaları açması təmin edilməlidir. Türkiyə bunun üçün Azərbaycana açıq və qapalı mümkün olan bütün dəstəyi verməlidir. Ancaq bu yolla erməni lobbisinin qarşısını almaq mümkün olacaq.

Onlar görməlidirlər ki, qazanacaqları itirəcəklərindən qat-qat çox olacaq.  Bu, artıq açıq siyasi müharibədir. Türkiyənin erməni məsələsində itirəcəyi heç nə qalmadı. Qüvvələr ancaq Qarabağa görə təzminat davalarına cəmləşməlidir”!