Bayden- Putin görüşü nə vəd edir?-  Yaşar Onay: «Qlobal sabitlik üçün təsirsiz olacaq»

ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüşün İsveçrənin Cenevrə şəhərində keçirilməsi gözlənilir. Bu barədə CNN telekanalı bildirib. Görüşün iyunun 15-16-da planlaşdırıldığı deyilir. Çoxlarına məlumdur ki, liderlərin görüşü aylardır müüzakirə edilsə də, ortada konkret nəticə yox idi. Biri “hə” deyəndə, digəri “yox” cavabı verirdi. Görünür, nəhayət, ortaq məxrəcə gəlməyi bacarıblar. İndi əsas sual proseslərin necə inkişaf edəcəyidir. 

 Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay “Sherg.az”a açıqlamasında bu suala aydınlıq gətirdi:

“Məlumata görə, iki tərəf arasındakı əlaqələrin bu günü və sabahı müzakirə olunacaq. ABŞ tərəfinin açıqlamasında deyilir ki, strateji sabitliklə bərabər, həm də COVİD-19-la mübarizə və digər qlobal məsələlər gündəmə gətiriləcək. Bu, iki liderin ilk görüşü olacaq.

Ona görə də sammitə maraq çoxdur. Belə görüşlərdə ictimaiyyətə açıqlanan və ancaq prezidentlərin özlərinin bildikləri nəticələr var. İkincini xeyli sonra- dövlət başçılarının atdıqları və atmadıqları addımlara baxaraq müəyyənləşdirə bilərik.

İran, Suriya, İsrail, Uktayna və Türkiyə ilə bağlı müxtəlif məqamlar müzakirə məsələsi olacaq. Düşünürəm ki, sözügedən görüş regional və qlobal sabitlik üçün təsirsiz olacaq. Ən azından indiki mərhələdə. Məncə, beynəlxalq müstəvidəki hazırkı durum bundan sonra da davam edəcək”.