Baydenin siyasəti Trampdan fərqlidir


ABŞ və Şimali Koreya arasında gərginlik gözlənilir

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn ABŞ-ın yeni rəhbərliyi ilə həm dialoqa, həm də qarşıdurmaya hazır olduğunu söyləyib. Qeyd edilir ki, Kim Çen İn KXDR-in Əmək Partiyasının plenum iclasında çıxış etdiyi zaman Amerika rəhbərliyinin Pxehyanla əlaqəli siyasətini təhlil edib. “Baş katib dövlətimizin ləyaqətini qorumaq üçün həm dialoqa, həm də qarşıdurmaya hazır olmağın vacibliyini vurğulayıb”, – deyə Şimali Koreya lideri əlavə edib. Xatırladaq ki, may ayında ABŞ Prezidenti Co Bayden Şimali Koreya rəhbərliyi ilə görüşməyə hazır olduğunu açıqlayıb. Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın KXDR-ə qarşı siyasətinin nəzərdən keçirilməsini başa çatdırdığını söyləyib. Onun sözlərinə görə, yeni siyasət əvvəlki iki prezidentin yanaşmasından fərqlənir və böyük müqaviləyə və ya strateji səbr etməyə söykənmir. ABŞ regiondakı digər müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcəyini vurğulayıb.

Bəs ABŞ-Şimali Koreya münasibətlərinin kəskinləşməsi regionda yeni müharibənin alovlanmasına səbəb ola bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, ABŞ ilə Şimali Koreya arasında münasibətlər yeni zəmində formalaşa bilər. Politoloq vurğulayıb ki, Donald Trampın hakimiyyəti dönəmində Şimali Koreya ilə bir sıra mühüm razılaşmalar əldə edilmişdi:

"Eyni zamanda Şimali və Cənubi Koreya arasında olan münasibətləri normallaşdırmaq istiqamətində də əhəmiyyətli addımlar atılıb. Hazırkı dönəmdə isə Kim Çen İnin bu cür ritorika ilə danışması onu göstərir ki, o, istənilən senariyə hazırdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Tramp ilə Kim Çen arasında razılaşma əldə edilməmişdən öncə Şimali Koreya raket sınaq atışları həyata keçirmiş və bu, tədqiqatlar dünya mediasının gündəmi olmuşdur. Razılıq əldə olunandan sonra isə Şimali Koreya mövzusu beynəlxalq gündəlikdən çıxarıldı. Lakin buna baxmayaraq, Şimali Koreya bu sahədə olan tədqiqatlarını bu gün də davam etdirir. Ümumiyyətlə, o həm Cənubi Koreya, Yaponiya, Çin və ümumən Cənub-Şərqi Asiya regionunda öz rolunu çəkisini artırmaqda maraqlıdır. Buna görə də bu istiqamətdə ardıcıl addımlar atır". 

İ.Hüseynov diqqətə çatdıırb ki, ABŞ ilə Şimali Koreya arasında olan münasibətlər hər zaman öz gərginliyi ilə seçilib:

"Neftin  qiymətinə, dolların beynəlxalq kursuna, dünyada olan  ticarət dövriyyəsinə və s. kimi digər məsələlərə Şimali Koreyanın həyata keçirdiyi siyasi fəaliyyətin təsirləri olub. Qeyd edim ki, dünyada sülhü, sabitliyi pozmaq nöqteyi-nəzərdən Şimali Koreyanın fəaliyyəti hər zaman seçilib". 
Politoloq vurğulayıb ki, gələcəkdə bu iki dövlət arasında münasibətlərin yenidən gərginləşməsi gözləniləndir: "Bu isə hazırkı Demokratların Şimali Koreya hökumətinə olan münasibətindən asılı olacaq. Bayden bütün çıxışlarında siyasi plüralizmin, insan haqlarının, demokratiyanın, liberal iqtisadiyyatın, avtoritarizmə qarşı olan mövqeyi ilə seçilir. Ona görə də Şimali Koreya ilə vəziyyətin kəskinləşməsi gələcəkdə mümkündür. Lakin Şimali Koreya da buna adekvat olaraq simmetrik cavab verəcək. O öz silah potensialının gücləndirilməsi, ordu quruculuğu, raketlərin sınaqdan keçirilməsi və bölgədəki əsas oyunçu kimi özünü göstərmək istiqamətində addımlar atacaq. Və hər zaman münasibətlərin gərgin formada saxlanılmasına xidmət edəcək".