Ən böyük məsuliyyəti ABŞ daşıyır

Paşinyanın təqdim etdiyi mina xəritəsinə tam etibar etmək olmaz


Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Lakin Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov məsələyə aydınlıq gətirərək vurğulayıb ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir.

Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir: “Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir. Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, minalanmış xəritələrin Azərbaycana təhvil verilməsi ilə bağlı iddialar əsassız deyil. Səbəbi odur ki, ərazilərimizi minalayan qruplar bu işi kor-koranə, bir çox hallarda isə xəritəsiz aparıblar:

“Hətta 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin özlərinin basdırdıqları minalanmış sahələrin qurbanına çevrilməsi faktları var. Bu vəziyyətdə Nikol Paşinyanın təqdim etdiyi xəritəyə tam etibar etmək olmaz. Lakin bu məsələdə qarant duran ölkələrin üzərinə də müəyyən məsuliyyət qoyulmalıdır.

Hesab edirəm ki, həmin ölkələr, xüsusən ABŞ və Avropa strukturlarının nümayəndələri Ermənistanla birlikdə ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etməlidirlər. Bunu təmin edə bilsək, həm qarant ölkələr, həm də Ermənistanın özü  maksimum dəqiq koordinantlar verməkdə maraqlı olacaqlar”.